SOCAR: “İndiyədək TANAP ilə 16 milyard kubmetr Azərbaycan qazı nəql edilib”



 12:34 03.06.2022     603

“İndiyədək Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə 16 milyard kubmetr Azərbaycan təbii qazı nəql edilib”.

Demedia.az-ın məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə Bakı Enerji Həftəsi çərçivəsində keçirilən konfransın ikinci günündə bildirib.

Onun sözlərinə görə, nəql etməyə başlanandan bu ilin mayın 1-nə kimi Trans-Adriatik Qaz Boru Kəməri (TAP) ilə 11,3 milyard kubmetr Azərbaycan təbii qazı nəql edilib.

X.Yusifzadə bildirib ki, bu həcmlərin 9,7 milyard kubmetri İtaliyaya, 1,3 milyard kubmetri Yunanıstana, 0,3 milyard kubmetri isə Bolqarıstana nəql edilib.

Qeyd edək ki, təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və TANAP vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.

Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql olunur.

Hazırda Azərbaycan qazının Avropanın cənubuna nəql olunduğu Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans-Adriatik Qaz Boru Kəmərinin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr qaz təşkil edir.

TAP AG konsorsiumu kəmərin ötürücülüyünün artırılması üçün 3 ssenarini nəzərdən keçirir: məhdud - 14,4 milyard kubmetrə qədər, qismən - 17,1 milyard kubmetrə qədər və tam - ildə 20 milyard kubmetrə qədər.

Xatırladaq ki, TAP-ın tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.

Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb. Cari ilin may ayınadək Azərbaycan TAP vasitəsi ilə Avropaya 12 milyard kubmetrdən çox təbii qaz nəql edilib.