Media Agentliyi Venesiya Komissiyasının “Media haqqında” Qanuna dair rəyinə münasibət bildirib



 23:43 20.06.2022     299

İyunun 20-də Avropa Şurasının Venesiya Komissiyası “Media haqqında” Azərbaycan Respublikası Qanununa dair rəyini öz rəsmi veb-saytında yerləşdirib. Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən rəydə qeyd olunan məsələlərlə bağlı rəsmi mövqe yazılı şəkildə Venesiya Komissiyasına təqdim edilmiş və bu arqumentlərin bir qismi bu və ya digər formada yekun rəydə öz əksini tapıb.

Agentlikdən Demedia.az-a verilən məlumata görə, qanun layihəsi heç də rəydə qeyd olunduğu kimi “seçilmiş qruplarla” yox, cəmiyyətin müxtəlif seqmentlərindən olan media nümayəndələri və ekspertlərin iştirakı ilə dəfələrlə müzakirə olunub.

"Keçmiş müvafiq qanundan fərqli olaraq “Media haqqında” Qanun “jurnalist” anlayışı ilə bağlı beynəlxalq təcrübəyə istinad edərək bu fəaliyyətə
daha geniş prizmadan yanaşmış, yalnız ölkə daxilində deyil, həm də ölkə xaricində Azərbaycan jurnalistlərinin peşəkar fəaliyyətinin məhdudiyyətlərdən qorunmasına yönəlib. Qanun fəaliyyəti Azərbaycan Respublikasının ərazisinə və əhalisinə istiqamətlənmiş media subyektlərinin müdafiə mexanizmlərindən istifadəsinə şərait yaradır, həmçinin fövqəladə vəziyyətlərdə jurnalistlərin təhlükəsiz şəraitdə peşə borclarını yerinə yetirməsini təmin edir.

Rəydə “zorakılıq” elementi olmadığı təqdirdə dövlətin ərazi bütövlüyünün pozulmasına yönəlmiş çağırışların dəstəklənməsi tərəfimizdən heç bir halda qəbul edilə bilməz. Uzun illər işğalçı siyasətin və terrorun qurbanı olan, ərazi bütövlüyü pozulmuş bir ölkəyə qarşı belə yanaşma hüququn aliliyi, jurnalist peşəkarlığı və xalqımızın milli maraqları ilə bir araya sığmır.

Rəydə iddia edildiyi kimi Qanunun media subyektinə dair tələblərinin (Maddə 26) başa düşülməsində hər hansı çətinlik mövcud deyildir. 26-cı maddə hər hansı mədəniyyət abidəsinə zərər vurduğuna görə cinayət məsuliyyətinə cəlb edilmiş şəxsləri deyil, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə məhkum olunmuş şəxsləri əhatə edir və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində bu kateqoriya cinayətlər (cinsi zorakılıq, irqi ayrı-seçkilik, seksual xarakterli zorakılıq hərəkətləri və s.) konkret olaraq təsbit edilib".

Qeyd olunub ki, qanunda media subyektlərinin xarici şəxslər tərəfindən təsis edilməsi və xaricdən maliyyələşdirilməsi qətiyyən istisna edilmir. Belə olan halda sadəcə nizamnamə kapitalında pay nisbəti müəyyənləşdirilir, çap mediası və onlayn media subyekti kimi fəaliyyət göstərmək üçün şəxsin Agentliyə məlumat verməsi icazə deyil, bəyanetmə xarakteri daşıyır ki, bunu lisenziya proseduru ilə eyniləşdirilmək əsassızdır.

"Media Reyestrinə daxil edilmək üçün jurnalistlərə qoyulmuş tələblərin şərhi zamanı çox önəmli bir nüansın diqqətdən qaçırıldığı, reyestrin onlar üçün könüllü olduğu, reyestrə daxil edilməmiş jurnalistlərə münasibətdə hər hansı məhdudlaşdırmanın tətbiqinin müzakirə mövzusu olmadığı bildirilib. Fəaliyyət qabiliyyəti olmayan və məhdud fəaliyyət qabiliyyətli şəxslərin dairəsi izah edildikdən sonra Venesiya Komissiyası bu məsələ ilə bağlı MEDİA Agentliyinin yanaşmasını qəbul edib.

Qanunun 15.1.3-cü və 15.1.4-cü maddələrinin hər hansı cinayət hadisəsinə dair bütün məlumatları deyil, yalnız və yalnız ibtidai araşdırma məlumatlarını nəzərdə tutduğu ətraflı şəkildə izah olunmuş, nəticədə Venesiya Komissiyasının bu maddələrlə bağlı yanaşması daha adekvat şəkildə ifadə edilib.

Təəssüflə vurğulayırıq ki, bəzi media subyektlərinin Komissiyanın rəyində əks olunmuş fikirləri kontekstdən çıxararaq təqdim etməsi ictimai fikirdə çaşqınlıq yaratmağa hesablanıb və Azərbaycanda həyata keçirilən media islahatlarına tendensiyalı münasibətin nəticəsidir. Venesiya Komissiyasının öz rəyində Qanunun bir çox maddələrini müzakirə predmetinə çevirməməsi, MEDİA Agentliyinin mövqeyi ilə uzlaşan yanaşma sərgiləməsi təqdirəlayiqdir və beynəlxalq təşkilatla səmərəli dialoqun göstəricisidir".