“Ələt azad iqtisadi zonası haqqında” qanun dəyişdi



 18:00 16.07.2022     386

Prezident İlham Əliyev “Ələt azad iqtisadi zonası haqqında” qanununda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Demeida.az xəbər verir ki, dəyişikliyə əsasən, Azad Zona səlahiyyətli qurumu, Azad Zona inzibati müəssisələri və Azad Zona səlahiyyətli qurumunun qəbul etdiyi daxili qaydalarda müəyyən edilən hallarda Azad Zonada fəaliyyət göstərən Azad Zona hüquqi şəxsləri Azad Zonadakı fəaliyyətlərinə aid olan bütün vergilərdən azaddırlar. Əsas iqtisadiyyatdan Azad Zonaya və Azad Zonadan əsas iqtisadiyyata malların, işlərin və xidmətlərin təqdim edilməsi vergitutma məqsədləri üçün malların, işlərin və xidmətlərin idxalına və ixracına bərabər tutulur.

Azad Zona rezidentlərinin, Azad Zona səlahiyyətli qurumunun, Azad Zona inzibati müəssisələrinin və Azad Zona hüquqi şəxslərinin işçilərinin gəlirlərinə vergilərin tətbiqi və tutulması qaydası Azad Zona səlahiyyətli qurumunun qəbul etdiyi daxili qaydalarla və həmin qaydalarda nəzərdə tutulan hallarda əsas iqtisadiyyatın qanunvericiliyi ilə tənzimlənir.

Azad Zona səlahiyyətli qurumu, Azad Zona inzibati müəssisələri və Azad Zona hüquqi şəxsləri əsas iqtisadiyyatın vergi ödəyicisinə malları, işləri, xidmətləri təqdim edərsə, yaxud əsas iqtisadiyyatın vergi ödəyicisi Azad Zona səlahiyyətli qurumuna, Azad Zona inzibati müəssisələrinə, Azad Zona hüquqi şəxslərinə və ya Azad Zona rezidentlərinə malları, işləri, xidmətləri təqdim edərsə, belə mallar, işlər və xidmətlər üzrə əsas iqtisadiyyatın vergi ödəyicisinə əsas iqtisadiyyat qanunvericiliyinin müddəaları tətbiq edilir. Əsas iqtisadiyyatın vergi ödəyiciləri tərəfindən Azad Zona səlahiyyətli qurumuna, Azad Zona inzibati müəssisələrinə və Azad Zona hüquqi şəxslərinə malların, işlərin və xidmətlərin təqdim edilməsi ilə bağlı aparılan ödəmələrdən ödəmə mənbəyində vergilərin tutulması həyata keçirilmir.

Azad Zona səlahiyyətli qurumuna, Azad Zona inzibati müəssisələrinə və Azad Zona hüquqi şəxslərinə əsas iqtisadiyyatın vergi ödəyiciləri tərəfindən maliyyə bazarlarında xidmətlər göstərildikdə, belə xidmətlər üzrə əsas iqtisadiyyatın vergi ödəyicilərinə Azad Zona səlahiyyətli qurumunun qəbul etdiyi daxili qaydalar nəzərə alınmaqla, əsas iqtisadiyyat qanunvericiliyinin müddəaları tətbiq edilir.

Azad Zona səlahiyyətli qurumu, Azad Zona inzibati müəssisələri və Azad Zona hüquqi şəxsləri tərəfindən Azad Zonaya gətirilən və Azad Zonadan aparılan mallara və nəqliyyat vasitələrinə görə gömrük rəsmiləşdirilməsi üçün ödənilən yığımlardan başqa digər gömrük ödənişləri, o cümlədən gömrük rüsumu və vergilər tətbiq edilmir.

Mallar və nəqliyyat vasitələri əsas iqtisadiyyatın vergi ödəyiciləri tərəfindən Azad Zonadan əsas iqtisadiyyata gətirildikdə və əsas iqtisadiyyatdan Azad Zonaya aparıldıqda, belə mallara və nəqliyyat vasitələrinə gömrük rəsmiləşdirilməsi zamanı əsas iqtisadiyyat qanunvericiliyinin müddəaları tətbiq edilir.

"Azad Zona səlahiyyətli qurumu bu Qanunun 16.1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulan subyektlərin fəaliyyəti üçün təminedici xarakter daşıyan əsas iqtisadiyyatın vergi ödəyicilərinin fəaliyyət göstərməsi üçün Azad Zona ərazisinin bir hissəsini Azad Zonanın gömrük ərazisi sayılmayan və əsas iqtisadiyyat qanunvericiliyinin Azad Zonanın maraq və mənafelərinə xələl gətirməmək şərtilə tətbiq edildiyi ərazi kimi ayıra bilər.