Azərbaycan Prezidentinin Fərmanı ilə elm və təhsil sahəsində islahatlara start verilib
Azərbaycan Prezidentinin Fərmanı ilə həm elm, həm də təhsil sahəsində islahatlara start verilib.
Belə ki, artıq Azərbaycanda elmin inkişafı məsələləri ilə həm AMEA, həm də yeni yaradılmış nazirlik məşğul olacaq. İslahatlar elmi tədqiqatların aparılması, tədrisin keyfiyyətinin yüksəldilməsi, ali təhsil müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi və elmi nailiyyətlərin iqtisadiyyata inteqrasiyası baxımından əhəmiyyətlidir.
Yəni “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının əsas məqsədi elm və təhsilin qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsi və bu sahələrdə idarəetmənin təkmilləşdirilməsidir. Fərmanla Təhsil Nazirliyi Elm və Təhsil Nazirliyi adlandırılacaq və elm sahəsində dövlət siyasətini, tənzimləməni həyata keçirəcək. Elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər yeni nazirliyə verilir və Nazirliyin yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi yaradılır.
Milli Elmlər Akademiyasının əsasən texniki, təbiət elmləri ilə bağlı instituları Elm və Təhsil Nazirliyinin tabeliyinə verilsə də, bu, akademiyanın ləğvi mənasına gəlmir.
Humanitar institutlar AMEA-nın balansında qalır. AMEA-nın Gəncə, Naxçıvan bölmələri, eləcə də Şəki və Lənkəran elmi mərkəzləri öz fəaliyyətini bu qurumun tabeliyində davam etdirəcək.