Ermənilər həddi aşdılar: “Geri sayım başlayır” - Kritik gəlişmə



 20:14 03.08.2022     1266

“Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi Azərbaycan ərazilərindən ermənilərin qanunsuz silahlılarının açdığı atəş nəticəsində Laçında hərbi qulluqçumuz şəhid olub. Ermənilər artıq hədlərini aşırlar. Hesab edirəm ki, bundan sonra bölgədəki qanunsuz birləşmələrin çıxarılması labüddür və Azərbaycanın bunun üçün bütün vasitələrdən istifadə edəcəyi mütləqdir”.

Demedia.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspert Rusiyanın “telefon diplomatiyası”na da diqqət çəkib:

“Dünən Rusiya müdafiə naziri Sergey Şoyqu azərbaycanlı həmkarı Zakir Həsənova zəng etdi. Hesab edirəm ki, Şoyqunun bu zəngində əsas məqsəd erməni birləşmələrini qorumaq və onların bölgədən çıxarılmasını yubatmaqdır. Təbii ki, Azərbaycan bununla barışmayacaq və razılaşmayacaq.

Ermənistanın qanunsuz silahlı birləşmələri və separatçılar üçün geri sayım başlayır. Həmin birləşmələrin orada qalması azərbaycanlı köçkünlərin öz yurdlarına köçürülməsini yubadır. Çünki Qarabağda separatçı birləşmələrin qalması vətəndaşlarımızın həyatı üçün təhdiddir. Onlar bu ərazilərdə qaldıqca, qarşıdurma riski də qalacaq.

Əgər Rusiya sülhməramlıları bu ərazilərdə “sülhün təminatçısı” kimi yerləşiblərsə, silahlı erməni birləşmələrinə ehtiyac yoxdur. Amma Rusiya hərbçilərinin əsas missiyası təhlükəsizliyi təmin etmək deyil, təxribatçı erməni qüvvələrinə dəstək verməkdən ibarətdir”.

Məhəmməd Əsədullazadə qeyd edib ki, Moskvanın son gəlişmələr fonunda Azərbaycana qarşı təhdid və təzyiqləri nəticə verməyəcək:

“Kreml gec-tez silahlı erməni birləşmələrinin çıxarmağa məcbur olacaq, reallıq bunu diktə edir. Eyni zamanda, hesab edirəm ki, son gəlişmələr fonunda ABŞ-ın vasitəsiçiliyi ilə gözlənilən ikitərəfli danışıqlar da müvəqqəti dayanacaq. Bu ay bir neçə görüş gözlənilirdi, son hadisələr buna yer qoymadı.

ABŞ-ın fəallaşmasından əndişələnən Putin də hərəkətə keçib. O, Azərbaycan və Ermənistan liderlərinin Rusiyada növbəti görüşünü keçirməyə çalışır. Amma nə Azərbaycan, nə də Ermənistan rəhbərliyi bunda maraqlıdır. Rusiya ərazisində görüş maraqlarımıza uyğun deyil, bu, prosesin dondurulmasına xidmət edir”.