İran mediasından "Qisas" əməliyyatına ŞOK MÜNASİBƏT: Azərbaycanı ittiham etdilər
Dağlıq Qarabağdakı son olaylar raunduna İran mətbuatında geniş yer verilməyib. Ölkə mətbuatı yeni hadisələrə ehtiyatla və eyni zamanda qismən həmişə olduğu kimi erməni tərəfini tutmaqla yanaşıb.
Təəssüf ki, 44 günlük müharibədə Azərbaycan ordusunun müharibə zamanı əldə etdiyi qələbələrə, irəliləyişlərə İran mətbuatının düşmən münasibəti indi də davam edir
Həmən müharibə zamanı Azərbaycan Silahlı Qüvvələri və Azərbaycan Ordusu tərəfindən hər bir kənd və şəhərin geri alınması İran mediası tərəfindən əvvəlcə ümumiyyətlə verilmir, sonra təkzib etməklə və nəhayət hadisəni minimuma endirməklə çap edilirdi.
İran mətbuatının Dağlıq Qarabağ məsələsində ölkə rəhbərlərinin Azərbaycana qarşı mövqeyindən qaynaqlanan bu praktikası Dağlıq Qarabağda baş verən son proseslər zamanı da dəyişməyib.
Son qarşıdurmalarda İslam İnqilabı Keşikçiləri Korpusuna bağlı "Tasnim” xəbər saytı erməni tərəfdən 5 ölüm xəbəri verməklə bir növ erməni tərəfini məzlum göstərməyə çalışıb.
"Sepah”ın rəsmi orqanı olan "Cavan” qəzeti daha da irəli gedərək Azərbaycanı atəşkəsi pozmaqda ittiham edib.
Fars xəbər agentliyinin mövqeyi digərlərindən heç də fərqli deyil. Agentlik dünənki əməliyyatda Azərbaycan ərazilərinin azad edilməsinə toxunaraq yazıb: "Azərbaycan ordusu son münaqişələrdə bir neçə strateji nöqtəni ələ keçirərək QƏSB edib”.
Ağla gələn sual budur ki, bu xəbər agentliyi sanki Azərbaycanın işğal olunmuş torpaqlarını qəsbkar Ermənistandan geri aldığını, işğal etmədiyini bilmir.
"Azərbaycan ordusu torpaqralarını geri qaytardı” əvəzinə "qəsb etdi” yazmaq İranın bəzi rəsmi mətbuatında Azərbaycana qarşı nifrət və ədavətin nə qədər dərin olduğunu açıq şəkildə göstərir.
Bunlara baxmayaraq, Azərbaycan hökuməti və ordusu Qarabağı və digər işğal olunmuş əraziləri tam şəkildə geri almaq əzmini davam etdirir. Ata-babalarımız demişkən, it hürər, karvan keçər. / Qaynarinfo