"Azəriqaz" İB-nin rəsmisi: "Partlayışda yaralananın vəziyyəti yaxşıdır..."
"Xırdalan şəhərində mənzildə baş verən partlayışdan sonra "Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları yaralanan şəxsin vəziyyəti ilə maraqlanıb. Onun vəziyyəti yaxşıdır, yəqin ki, bir neçə günə xəstəxanadan evə buraxılacaq".
Demedia.az xəbər verir ki, bunu SOCAR “Azəriqaz” İstehsalat Birliyinin şöbə rəisi İlkin Behbudov bu gün media və QHT nümayəndələri üçün keçirilən "Açıq qapı" aksiyasında deyib.
Şöbə rəisinin sözlərinə görə, partlayış baş verən mənzildə təmir işləri aparılırmış:
"Baxış zamanı müəyyən olundu ki, mənzildə iki qaz cihazı olub. Lakin cihaz yerində olmayıb, amma ona gələn qaz xətti açıq olub. Ehtimal olunur ki, təmir edən ustalar mənzildən çıxarkən qazı söndürməyib. Bir qayda olaraq mənzildə təmir işləri gedərkən aidiyyəti qurumlara məlumat verilməlidir. Bu tip zərərin olmaması üçün vətəndaşlar təmirdən əvvəl ərazi üzrə qaz idarəsinə müraciət etməlidir. Bu, "Azəriqaz"ın tələbi yox, Nazirlər Kabinetinin qanunudur".