Kamran Əliyev prokurorlara tapşırıqlar verdi

 22:11 09.08.2022     479

Avqustun 9-da Baş prokuror Kamran Əliyev Oğuz Rayon Prokurorluğunun inzibati binasında Oğuz, Şəki və Qəbələ rayonları, həmçinin digər bölgələrdən olan vətəndaşları qəbul edib.

Bu barədə Demedia.az-a qurumun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, qəbuldan əvvəl Baş prokuror xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad edib.

Qəbulda iştirak edən 19 vətəndaşın müraciətində qaldırdıqları məsələlərin, o cümlədən konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntular, mülki xarakterli mübahisələrlə bağlı və sosial problemlərə aid müraciətlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün Kamran Əliyev müvafiq göstərişlər verib.

Daha sonra Baş prokuror Şəki və Qəbələ rayon prokurorluqlarına gedib, əməkdaşlarla görüşlər keçirməklə onlara konkret tapşırıqlar verib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdıqlarını diqqətə çatdırıb.