Ərdoğan Zəngilanda mühüm mesajlar səsləndirəcək - Polkovnik Xankəndi ilə bağlı MÜJDƏ VERDİ
"Hamı səbirsizliklə yaxın bir neçə günü gözləyir. Nə baş verir, nə baş verəcək sualları, müxtəlif müzakirələr gedir. Mənim əmin olduğum bir məsələ var ki, yeni yolda Azərbaycanın hüquq-mühafizə orqanları, Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsinin nümayəndələri olacaq. Sentyabrın 1-nə çox az müddət qalıb".
Demedia.az xəbər verir ki, bunu Musavat.com-a ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov deyib.
"Bildiyim qədərilə, avqustun 31-də Avropa İttifaqının dəstəyi ilə Brüsseldə Azərbaycan prezidenti, Aİ Şurasının sədri və Ermənistanın baş naziri arasında görüş gözlənilir. Düşünürəm ki, beləliklə bu məsələyə nəhayət nöqtə qoyulacaq. Orada söz sahibi Azərbaycan olacaq. Biz öz ərazimizdə ermənilərin nazı ilə oynamayacağıq. Nə oldu, çıxmırdılar, amma çıxdılar. Mən düşünürəm ki, ilk növbədə ya keçmiş Ağdərə, ya da Xocavənd olacaq, sonuncu bayraq Xankəndidə asılacaq. Buna kimsənin şübhəsi olmasın! Azərbaycan torpaqları ermənilərin, rus sülhməramlılarının çəkmələri altında qalmayacaq. Yaxın zamanlarda önəmli proseslər baş verəcək, o proseslər də Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacaq. Gələn ay Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilan Hava Limanının açılışına gələcək və bölgə ilə, Qarabağla bağlı çox maraqlı fikirlər səsləndirəcək", - polkovnik qeyd edib.