Şuşadakı konfransda 180-ə yaxın səfir, hərbi attaşe və diplomatik korpusun xarici nümayəndəsi iştirak edir



 15:03 27.08.2022     366

Avqustun 27-də Şuşada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma sahəsində görülən işlər və planlama, postmünaqişə dövründə minatəmizləmə əməliyyatları və şəhərsalma potensialından istifadə edilməsi, beynəlxalq əməkdaşlıq imkanlarına həsr olunmuş konfrans işə başlayıb.

Demedia.az Report-a istinadən xəbər verir ki, bu xüsusda, xarici ölkələrin yüksək rütbəli diplomatları avqustun 26-da Ankara-Füzuli reysi ilə Azərbaycana səfər ediblər. Qonaqlar Ermənistanın 30 illik işğalı nəticəsində törədilən vandalizm aktları ilə əyani tanış olublar, eyni zamanda ərazilərimiz işğaldan azad olunandan sonra görülən yenidənqurma və bərpa işlərinə dair təqdimatlar keçirilib.

Şuşa şəhərinə gələn qonaqlar, tikilməkdə olan infrasturuktur layihələri, xüsusilə yol, tunel və digər layihələrlə tanış olublar.

Konfransı giriş sözü ilə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbəsinin müdiri Hikmət Hacıyev açıb. Eyni zamanda konfransda Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi Vahid Hacıyev, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov təqdimatla çıxış ediblər.

Bakıdakı diplomatik korpusun, eləcə də Azərbaycanda akkreditə olunmuş Türkiyə, Rusiya və İrandakı diplomatik korpusun nümayəndələri, həmçinin bir sıra ölkələrin İstanbuldakı Baş konsulları, beynəlxalq təşkilatların təmsilçiləri və Türkiyə hökumətinin rəsmiləri konfransın işinə qatılıblar.

Ümumiliklə 180-ə yaxın iştirakçının 130-u diplomatik korpusun xarici nümayəndəsi, o cümlədən 36-sı səfir, 18-i hərbi attaşedir.

Qonaqlar üçün Azərbaycan muğam sənətkarlarının ifası ilə mədəni proqram təşkil olunub.