Deputatların tətili bitdi - İlk iclasın vaxtı bəlli oldu
Bu gün Milli Məclisin deputatlarının tətil müddəti başa çatır.
Demedia.az xəbər verir ki, Milli Məclisin Daxili Nizamnaməsinə uyğun olaraq, deputatlar payız sessiyasına hazırlıq məqsədilə komitə iclaslarına başlayacaqlar.
Nizamnaməyə əsasən, səlahiyyəti dövründə Milli Məclis ildə iki dəfə - iyul ayının 15-dən avqustun 30-dək və yanvar ayının 1-dən 15-dək tətilə buraxılır. Tətil dövründə Milli Məclisin deputatları məzuniyyətdə sayılırlar. Tətil dövründə Milli Məclisin növbədənkənar sessiyası çağırıldıqda parlamentin tətili növbədənkənar sessiyanın keçirildiyi müddətə dayandırılır və Milli Məclisin deputatları həmin müddətə məzuniyyətdən geri çağırılırlar.
Azərbaycan Respublikası Konstitusiyasının 88-ci maddəsinin I hissəsinin birinci abzasına uyğun olaraq Milli Məclis hər il iki növbəti yaz və payız sessiyalarına toplanır. Yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir. Payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir. Əgər fevralın 1-i və sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.