"ADU-da magistratura səviyyəsi üzrə yeni ixtisaslara qəbul 100 faiz təşkil edib" - Firuzə Rzayeva
2022-2023-cü tədris ilində Azərbaycan Dillər Universitetinin (ADU) magistratura səviyyəsindəki yeni ixtisaslara qəbul 100 faiz təşkil edib.
Universitetin İctimaiyyətlə əlaqələr şöbəsindən Demedia.az-a verilən məlumata görə, ADU-nun magistratura şöbəsinin müdiri, dosent Firuzə Rzayeva bildirib ki, təqdim olunan yeni ixtisaslar Məktəbəqədər təlim və tərbiyənin metodikası və metodologiyası, İbtidai sinifdə tədrisin metodikası və metodologiyası, Korreksiyaedici təlimin metodikası və metodologiyası ixtisaslarıdır:
“Azərbaycan Dillər Universitetini seçən, magistr adını qazanan bütün tələbələri ürəkdən təbrik edir, onlara yeni-yeni nailiyyətlər, gələcək karyeralarında uğurlar arzu edirəm. Universitetimiz əmək bazarındakı dayanıqlığın təmin olunması istiqamətində daima zəruri addımlar atır. Hər tədris ilində dövrün tələblərinə uyğun yeni və müasir ixtisaslar tələbələrin seçiminə verilir. Təqdim olunan ixtisaslar üzrə tədris planlarının mükəmməl tərtib edilməsi peşəkar kadr hazırlığı, inkluziv təhsil üzrə peşəkar təlimlərin təşkili, sinxron tərcüməçilərin hazırlanması, filoloq, metodist, diplomat və beynəlxalq səviyyəli jurnalist hazırlığı, regionlar üzrə mərkəzlərdə təlimlərin təşkili, yüksək bilik və bacarıqlı akademik və professor heyətinin ustad dərsləri ADU məzunlarına ixtisasları üzrə işlə təmin olunmağa öz töhfəsini verməkdədir”.
Dosent Firuzə Rzayeva əlavə edib ki, həmişə olduğu kimi əcnəbi tələbələr ADU-da magistr səviyyəsi üzrə təhsil almağa böyük maraq göstərirlər:
“Belə ki, müxtəlif ixtisaslar üzrə Türkiyə, Fransa, İtaliya, Serbiya, Rumuniya, Polşa, Macarıstan və s. kimi ölkələrdə ERASMUS + çərçivəsində təhsil, ikili diplom, tələbə mobilliyi, təcrübə proqramları, təlimlər tələbə və müəllim heyətini daha da ruhlandırır. Azərbaycan Dillər Universitetinin kollektivi olaraq bundan sonra da əzmlə işləyəcək və gənclərimizin seçdikləri ixtisaslar üzrə biliklərini daha da təkmilləşdirmələri üçün əlimizdən gələni əsirgəməyəcəyik”.