“Əmək pensiyaları haqqında” qanuna dəyişiklik edilir



 21:01 16.09.2022     500

“Əmək pensiyaları haqqında”, “Sosial müavinətlər haqqında” və “Sosial xidmətlər haqqında” qanunlara dəyişiklik edilir.

Demedia.az xəbər verir ki, bununla bağlı sənədlər birinci oxunuşda Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Dəyişikliklər barədə məlumat verən parlament Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev bildirib ki, Azərbaycan Prezidentinin 2020-ci il 27 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın 4.2-ci bəndinə əsasən bir sıra qanunlara dəyişikliklər nəzərdə tutulub. Həmin sənəddə qeyd edilən tələbin sahəvi qanunlarda əks olunması onun daha işlək və tətbiqedilən olmasını təmin edəcək.

Bununla əlaqədar olaraq, adı çəkilən qanunlara təklif olunan dəyişikliklər vətəndaşların sənəd və ya məlumatın toplanması və təqdim edilməsi ilə bağlı problemlərinin aradan qaldırlılmasına və vaxt itkisinin azaldılmasına, bu əsasda vətəndaş məmnunluğunun artırılmasına, habelə ölkədə Elektron Hökumət İnformasiya Sisteminin funksionallığının daha da yüksəldilməsinə və qurumlararası elektron inteqrasiyanın güclənməsinə xidmət edəcək.

Qanun layihələri müzakirələrdən sonra birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.