Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi formalaşdırıldı
Azərbaycan jurnalistlərinin VIII qurultayında Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi formalaşdırılıb.
Səsvermə yolu ilə formalaşdırılan İdarə Heyətinin tərkibinə 23 nəfər daxildir.
***
15:12
Azərbaycan jurnalistlərinin VIII qurultayının qətnaməsi qəbul olunub.
Qətnamə layihəsini Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli təqdim edib.
Layihə səsverməyə çıxarılaraq qəbul edilib.
Qətnamədə bir sıra məsələlərlə bağlı qeyd edilib ki, jurnalist adından sui-istifadə halları nəzarətdə saxlanılsın, regional medianın inkişaf etdirilməsi ilə bağlı layihənin hazırlanması və müvafiq qurumlara təqdim olunması təmin olunsun.
Həmçinin, sənəddə qeyd edilib ki, üzvlük haqqını ödəməyən və əsaslı səbəblər olmadan Mətbuat Şurasının VIII qurultayında iştirak etməyənlər üzvlükdən çıxarılsın.
***
13:48
Azərbaycan jurnalistlərinin VIII qurultayında bir sıra qərarlar qəbul edilib.
Toplantıda əvvəlcə Azərbaycan Mətbuat Şurasının Nizamnaməsinə təklif olunan dəyişikliklər səsverməyə çıxarılıb.
Daha sonra isə Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarının adının yeni versiyada - Azərbaycan Jurnalistlərinin Etik Davranış Kodeksi adlandırılması barədə dəyişiklik qurultay iştirakçılarının müzakirəsinə təqdim olunub.
Müzakirələrdən sonra hər iki dəyişiklik səsverməyə çıxarılaraq qəbul edilib.
Dəyişikliklə İdarə Heyəti Qurultay tərəfindən seçilən 23 həqiqi üzvdən ibarət olacaq. İdarə Heyətinin tərkibinə jurnalistlər və hazırda jurnalist fəaliyyəti ilə məşğul olmayan, habelə dövlət qulluğunda çalışmayan nüfuzlu ictimaiyyət nümayəndələri və sosial media təmsilçiləri seçilə bilərlər. İdarə Heyətinin üzvlərindən 14-ü jurnalistlərdən, 9-u isə ictimaiyyət nümayəndələrindən olacaq.
Habelə, dəyişikliklə kodeksə yeni 4-cü prinsip (Gender bərabərliyi və ayrı-seçkiliyə yol verilməməsi prinsipinin müdafiəsi) əlavə edilib.
***
13:11
Mətbuat Şurası İdarə Heyətinin üzvlərinin seçilməsi ilə bağlı səsverməyə yekun vurulub.
Bu barədə Azərbaycan jurnalistlərinin VIII qurultayında Mətbuat Şurasının sədri Əflatun Amaşov məlumat verib.
O bildirib ki, artıq səsvermə başa çatıb:
“Hazırda Say Komissiyası səslərin sayının hesablanması ilə məşğuldur. Yeni tərkib 1 saat ərzində elan olunacaq”.
***
11:52
Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvlərinin seçilməsi ilə bağlı səsvermə başlayıb.
Azərbaycan jurnalistlərinin VIII qurultayının iştirakçıları Muğam Mərkəzindəki kabinəyə keçərək səsvermədə iştirak edirlər.
Səsvermə başa çatandan yaxın müddət sonra səsvermənin nəticələri elan olunacaq.