DTX əməliyyat keçirdi - Saxlanılan var



 10:59 26.09.2022     501

Hakimlərə qarşı terrorçuluğa açıq çağırışlar edilməsində şübhəli şəxs müəyyən olunaraq həbs edilib.

Demedia.az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin saytı məlumat yayıb.

Bildirilib ki, 2018-ci il iyulun 10-da Gəncə şəhərində radikal diniyönümlü bir qrup şəxs tərəfindən ictimai asayişin pozulmasına yönələn zorakılıq aktları, hakimiyyət nümayəndələrinə silahlı müqavimət göstərilməsi, müxtəlif dərəcəli bədən xəsarətləri yetirilməsi, iki polis zabitinin qəsdən öldürülməsi ilə müşayiət olunan kütləvi iğtişaşlar törədilməsi ilə bağlı cinayət işləri üzrə ədalət mühakiməsini həyata keçirən hakimlərin fotoşəkillərini müxtəlif sosial şəbəkələrdə paylaşmaqla, onlardan qisas alınaraq öldürülmələrinə çağırış edilməsi, eləcə də həmin faktla bağlı Azərbaycan Ali Məhkəməsindən daxil olan məlumatla əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətində müvafiq araşdırmalar aparılıb.

Azərbaycan Cinayət Məcəlləsinin 214-2-ci (Terrorçuluğa açıq çağırışlar) maddəsi ilə başlanılan cinayət işi üzrə aparılan kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində feysbuk sosial şəbəkəsində Gəncə şəhərində baş vermiş kütləvi iğtişaşlara görə hökm çıxaran hakimlərin fotoşəkillərinin əks olunduğu paylaşımlarda onların gizlin şəraitdə öldürülmələrinə dair yazılar yerləşdirməklə ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyəti orqanları tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə cinayət işləri üzrə ədalət mühakiməsini həyata keçirən hakimlərin həyatına sui-qəsd etməyə açıq çağırışların xarici ölkə vətəndaşı Bayramov Mühəndis Alyoşa oğluna məxsus sosial şəbəkə profilindən edilməsi müəyyən olunub və onun barəsində axtarış elan edilib.

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən tədbirlərlə Mühəndis Bayramov saxlanılaraq həbs edilib və barəsində aparılan cinayət işinin istintaqı yekunlaşdırılaraq baxılması üçün məhkəməyə göndərilib.

"Ölkədə ictimai təhlükəsizliyi təhdid edən, ədalət mühakiməsinə və dövlət orqanlarının fəaliyyətinə qarşı yönələn bu cür əməllərlə bağlı zəruri hüquqi tədbirlər bundan sonra da davamlı olaraq həyata keçiriləcəkdir", - məlumatda qeyd olunub.