Qəbul imtahanlarında mühüm dəyişiklik



 18:12 04.10.2022     446

2023-cü ildən etibarən magistraturaya qəbul imtahanlarında bakalavrların xarici dil üzrə oxuyub-anlama bacarığının daha dərindən yoxlanılması məqsədilə qrammatik və leksik dil biliklərini yoxlayan test tapşırıqlarının sayının 5 vahid azaldılması, əvəzində isə oxuyub-anlamanı yoxlayan test tapşırıqlarının sayının 5 vahid artırılması nəzərdə tutulur.

Bu barədə Demedia.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, magistraturaya qəbul imtahanı Dövlət İmtahan Mərkəzi tərəfindən mərkəzləşdirilmiş qaydada bakalavrların ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürünün), informatika və xarici dil biliklərinin qiymətləndirilməsi üzrə keçirilir.

Xarici dillər üzrə mövcud proqramlarda xarici dillərin tədrisinin əsas məzmunu dil və nitq sahəsində bilik və bacarıqların formalaşdırılması, nitq fəaliyyətinin bütün formaları (eşidib-anlama, oxuyub-anlama, danışıq və yazı bloku) üzrə kompleks şəkildə tədrisi, xarici dil təliminin həyatla əlaqəsinin möhkəmləndirilməsi, yəni dil sahəsində qazanılmış bilik və bacarıqların nitq vərdişlərinə çevrilməsi istiqamətinə yönəldilir. Mövcud imtahan modeli bakalavrların xarici dil üzrə eşidib-anlama, oxuyub-anlama, qrammatik və leksik dil biliklərini yoxlayan test tapşırıqlarını özündə ehtiva edir.

2023-cü ildən etibarən imtahanlarda bakalavrların xarici dil üzrə oxuyub-anlama bacarığının daha dərindən yoxlanılması məqsədilə qrammatik və leksik dil biliklərini yoxlayan test tapşırıqlarının sayının 5 vahid azaldılması, əvəzində isə oxuyub-anlamanı yoxlayan test tapşırıqlarının sayının 5 vahid artırılması nəzərdə tutulur. İmtahan verənlər yeni model test tapşırıqları ilə yaxın vaxtlarda çap olunacaq Magistr №2 jurnalında tanış ola biləcəklər.

Eyni zamanda, xatırlatma etmək istərdik ki, öncədən də məlumat verildiyi kimi, 2024-cü ildən etibarən isə magistratura səviyyəsinə qəbul imtahanlarında xarici dil bloku üzrə yazı və danışıq bacarıqlarının yoxlanılması da nəzərdə tutulur.