Leyla Abdullayeva Gəncə terroru ilə bağlı paylaşım etdi



 10:38 11.10.2022     512

“Gəncə terrorunu törədənlər ədalət mühakiməsi qarşısında cavab verməlidirlər”.

Demedia.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva tviterdə yazıb.

O bildirib ki, bu hərbi cinayətə görə Ermənistanda indiyədək heç kim məsuliyyətə cəlb olunmayıb: “Bu gün Azərbaycanın Gəncə şəhərinə Ermənistan silahlı qüvvələrinin 10 dinc sakinin ölümü, 40 nəfərin yaralanması ilə nəticələnən vəhşicəsinə hücumunun ikinci ildönümüdür”.

Qeyd edək ki, 2020-ci ilin oktyabrın 11-də gecə saat 02.00 radələrində şəhərin mərkəzi düşmənin ballistik raket hücumuna məruz qalıb.

Belə ki, oktyabrın 10-dan humanitar atəşkəs rejiminin tətbiq edilməsinə baxmayaraq, Ermənistan ordusu Azərbaycanın yaşayış məntəqələrini intensiv atəşə tutmaqda davam edib. Ermənistan qədim şəhər olan Gəncədə dinc sakinləri növbəti dəfə hədəf alıb. Düşmənin çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 4-ü qadın olmaqla 9 nəfər şəhid olub, 35 nəfər yaralanıb. Daha sonra yaralananlardan biri də xəstəxanada vəfat edib.

Bundan başqa, 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib. Gəncə şəhərinin atəşə tutulması ilə bağlı Azərbaycanın Baş Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Gəncənin raket atəşinə tutulması anı Fövqəladə Hallar Nazirliyinin müşahidə kamerası tərəfindən qeydə alınıb.