Tələbələr arasında intiharlar artır: Onların intellekti nə qədər sürətlə çalışırsa...



 11:12 11.10.2022     429

Xəbər verdiyimiz kimi, oktyabırın 7-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbəsi, 2003-cü il təvəllüdlü Şəhriyar Səmədov intihar edib. Qeyd edək ki, Masallı rayon sakini olan Şəhriyar Səmədov paytaxtın Nizami rayonu Qara Qarayev prospektində kirayə yaşadığı mənzildə özünü asıb.

2019-cu ildə Masallı şəhər 4 saylı orta məktəbdən məzun olan Şəhriyar həmin il 684,8 bal toplayaraq UNEC-ə qəbul olunub. O, həm də Prezident təqaüdçüsü idi. Ümumiyyətlə, son illər yüksək bal yığan tələbələr arasında intihar hallarına tez-tez rast gəlinir. Səbəb nədir?

Narınc Psixologiya Mərkəzinin təsisçi rəhbəri, klinik psixoloq Narınc Rüstəmova Demedia.az-a açıqlamasında bildirib ki, intihar hallarına gənclər və yeniyetmələr arasında kifayət qədər çox təsadüf olunur: “İntiharın nə təhsilin yüksək olması ilə əlaqəsi var, nə irqi, nə cinsi, nə də vəzifəsi. Bəzən insan elə bir nöqtəyə gəlib çatır, o qədər ruhi iztirab çəkir ki, ölümdən başqa çıxış yolu görə bilmir. İndi hər kəs onu bu addımı atdığı üçün qınayır. Halbuki, necə uğur qazanıb və qrupda, bəlkə də, hamıdan yüksək bal toplayıb təhsil alırdı”.

Dediyinə görə, insanın psixi emosional durumu balansdan çıxanda bəzən onun məntiqi, oxuduğu kitablar, aldığı savad da buna bəs etmir: “Amma ümumi olaraq baxsaq, çox yüksək bal toplayan uşaqlarda özünə məxsus qapalılıq olur. Onların öz dünyaları olur, insanlarla ünsiyyətdə dərsdə olduğu kimi peşəkar olmurlar. Çünki enerjimizi bir şeyə çox yönləndiririksə, digər şeylərə yönəldəcəyimiz enerji azalmağa başlayır”..

Psixoloq bildirib ki, hər şeyin çoxu ziyan olduğu kimi bəzən çox oxuyub çox özünə qapanma, kitablara çox yönəlmə də istəmədən insana ziyan ola bilir: “Bəzən bunu valideynlər fəxrlə deyir, “mənim uşağım heç çölə çıxmır, o biri uşaqlar kimi “avaralıq” eləmir, dostları ilə görüşmür, kafeyə getmir tərbiyəlidir, qız sevmir, heç elə şeylərə marağı da yoxdur!”. Bütün bunları bəzən valideynlər gözəl xüsusiyyət kimi tərifləyir, fəxrlə danışır, amma, əslində, belə olmalı deyil. Biz sosial varlığıq, insanlarla çox yaxşı sıx münasibətdə olan, şəxsiyyətlərarası ünsiyyətdə uğurlu olan insanların intihar etmə riski çox aşağıdır. Çünki onların duyğularını paylaşacağı insanlar var”.

N.Rüstəmova qeyd edib ki, zaman-zaman hər birimiz çətinliyə düşürük, ancaq çətinliyə düşəndə danışa, dərdləşə biləcəyimiz çevrəmiz varsa, bu çətinliklərin öhdəsindən daha asan gələ bilirik: “Daha çox özünü yalnız hiss edən insanlar intahara cəhd edir. Çünki intihar ümidsizliyin ən ağır formasıdır, insan onu heç kimin anlamadığını, ona heç kimin kömək edə bilməyəcəyini düşünüb intihar edir. Halbuki, onu yaxşı anlayan insanlar olsaydı, o intihara gedib çıxmazdı və ya intihar etmə haqqında fikirlərini ən azından yaxınları ilə paylaşardı. Bunun üçün də əgər bir uşaq öz yaşıdları, dostları ilə vaxt keçirmir, qız istəmir, özünə qapalıdırsa və s. valideynlər bunu problem olaraq qəbul etməli, anlamalıdırlar ki, bu bir “SOS” işarəsidir. Valideynlər bu əlamətləri görəndə yaxşı ki çölə çıxmır, tərbiyəsizlik etmir, pis şey öyrənmir düşməkdənsə onu dost çevrəsinə, dost münasibətlərinə təşviq etməlidirlər. Çünki biz nə qədər yaxşı valideyn olsaq da, övladımız ilə dost ola bilmərik, onların gözündə həmişə ana -ata obrazındayıq. Onların öz yaşıdları, valideynlərin güvənə biləcəyi, bildiyi, dəstək ala biləcəyi dostları olmalıdır. Belə durumlarda uşaq vaxtında psixoloqa aparılmalı, lazım gələrsə, ailə ilə birlikdə terapiya görməlidir”.

Psixoloq Elnur Rüstəmov Demedia.az-a açıqlamasında qeyd edib ki, indiyə qədər intiharı insanlara fərqli təqdim ediblər: “Yəni intiharı daha çox maddi durumun aşağı olması, iqtisadi problemlər ilə əlaqələndiriblər. İnsanların intihar etmə səbəbləri müxtəlifdir və fərqli motivlərdən baş verir”.

Psixoloqun sözlərinə görə, 600 baldan yuxarı bal toplayan uşaqlarda bir şeyi nəzərə almalıyıq ki, onların intellekti nə qədər sürətlə çalışırsa, yaşamış olduqları çətinliklər, narahatlıqlarlarla bağlı yanaşmaları da bir o qədər sürətli baş verir.