Anar Kərimov Corc Diklə görüşdü
Mədəniyyət naziri Anar Kərimov İsrailin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Corc Diklə görüşüb.
Nazirlikdən Demedia.az-a verilən xəbərə görə, səfiri səmimi salamlayan A.Kərimov Azərbaycan və İsrailin əsrlərə dayanan dostluq münasibətindən bəhs edib.
Ölkələrimiz arasında bir sıra sahələrdə olduğu kimi mədəni əlaqələrin də sıx inkişaf etdiyini vurğulayıb. Həmçinin bundan sonra da mədəniyyətin və incəsənətin bir sıra sahələrində əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün birgə layihələrin həyata keçirilməsinin önəmindən danışıb.
C. Dik mədəniyyət nazirinin fikrinə şərik olduğunu bildirərək, dövlətlərimiz arasında mövcud olan səmimi dostluq və əhəmiyyətli əməkdaşlıqdan məmnunluğunu ifadə edib.
Mədəniyyət naziri Azərbaycan Respublikası Prezidentinin “Bakı Prosesi” qlobal təşəbbüsü və Mədəniyyət Nazirliyi tərəfindən irəli sürülən “Mədəniyyət naminə sülh” (Peace4Culture) beynəlxalq çağırışı barədə də məlumat verib. Bildirib ki, çağırışın əsas məqsədi postmünaqişə dövründə olan ölkələrin işğaldan azad olunmuş ərazilərində mədəni infrastrukturu dirçəltmək, milli-mənəvi dəyərləri yenidən həmin torpaqlara qaytarmaq üçün davamlı sülhə töhfə verməkdir.
A.Kərimov həmçinin İsrailin mədəniyyət və idman nazirinin ölkəmizə səfəri məqsədilə hazırlanmış dəvətnaməni səfirə təqdim edib.
Görüş tərəfləri maraqlandıran bir sıra mühüm məsələlərin müzakirəsi ilə davam edib.