İctimai nəzarətin gücləndirilməsi QHT-media əməkdaşlığından keçir - Rəy
Azərbaycanda vətəndaş cəmiyyətinin gücləndirilməsi, ictimai nəzarətin arıtılması günümüzün əsas tələblərindən biridir. Qeyri-hökumət təşkilatları və media orqanları ictimai nəzarətin təşkilində aparıcı rola malik olmalıdırlar. Bu funksiyanın həyata keçirilməsi birgə əməkdaşlıqdan keçir. QHT-media əməkdaşlığı son anda vətəndaş cəmiyyətinin güclənməsinə xidmət edir. Bəs bu iki insititut arasında əməkdaşlıq hansı səviyyədədir. Əlaqələrin güclənməsi üçün hansı addımlar atılmalıdır? Bu sualla QHT və media rəhbərlərinə müraciət etdik.
Demedia.az-ın məlumatına görə, Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı həm özünü jurnalistlərin dostu sayır, jurnalistləri özünə dost bilir: “Bilirsiniz ki, 30 ilə yaxındır ki, mən neftçilərin, mədən sənayesində çalışanların hüquqlarını müdafiə edirəm. Daim onların problemlərini dilə gətirirəm. Mətbuat həmin problemləri işıqlandırmasa, onlar ictimailəşməz, həll olunmaz. Bizim tanınmağımızda medianın müstəsna xidmətləri olub. Bizi Azərbaycana, dünyaya tanıtdıran mətbuat, jurnalistlərdir. Bu gün mən sosial şəbəkələrlə daha sıx işləyirəm. Hasilat sənayesində olan problemləri faktlarla sosial şəbəkələrdə paylaşıram. Jurnalistlər həmin məlumatlardan istifadə edib xəbər hazırlayırlar, araşdırma aparırılar. Bəzən media qurumlarının təhqir və böhtanlarına məruz qalırıq. Tənqid etdiyimiz şirkətlərin sifarişiləsayltar mənə qarşı kampaniya aparırılar. Amma bu bütün media orqanlarına aid deyil. Bizdə öz müstəqilliyini, obyektivliyini qoruyub saxlayan jurnalistlər, mətbuat orqanları var. Onu da bildirim ki, ilk dəfə məni mətbuatda müdafiə edən hazırda Mətbuat Şurasının sədri olan Rəşad Məcid olub. O vaxt mənə qarşı kampaniya aparılanda “525-ci qəzet” məni müdafiə etdi. Bəlkə də, Rəşad Məcid bunu bulmir, amma mən unutmamışam. Ona görə də deyirəm ki, biz tanınmağımıza görə mediaya, jurnalistlərə borcluyuq. Jurnalistlərin də QHT-lərə ciddi ehtiyacı vardır. Onlar apardıqları araşdırmalarda təkcə dövlət orqanlarının məlumatlarına istinad etmirlər, əks fikir, qarşı tərəf olaraq bizə də müraciət edirlər. Əgər araşdırma yazısında ekspertin, QHT rəhbərinin fikirləri olmursa, o yarımçıq araşdırma sayılır. Həmin hər gün səhər saytları oxuyuram, məlumatlanıram. Rəhbəri olduğum Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin vaxtilə icra etdiyi layihələrdə jurnalistlər çalışırdılar. Onları indi ölkənin məşhur yazarlarıdır. Onlar bizim layihələrə çox böyük fayda veriblər, samballı araşdırmalar ortaya qoyublar. Yəni təşkilatımız jurnalistlərimizinxidmətlərindən yararlanıb. Jurnalistlər də bizim imkanlarımızdanfaydalanıblar, onlara dəstək olmuşuq”.
M.Qəhrəmanlı QHT-media arasında əməkdaşlığın daha da gücləndirilməsini vacib sayır:
“Bizim əməkdaşlıq etməyimizə ciddi ehtiyac var. Bizim təşkilat hər zaman jurnalistləri müdafiə edib. Mən özüm neçə-neçə jurnalistin hüquqlarını müdafiə komitəsində təmsil olunmuşam. Vaxtilə biz çox sıx əlaqədəydik. Bu gün şərtlər dəyişib. Həm QHT, həm də medianın imkanları daralıb. Ümid edirəm ki, bu problemlər aradan qalxacaq və biz əvvəlki kimi, yaxın olacağıq”.
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlıbildirdi ki, QHT və media vətəndaş cəmiyyətinin çox önəmli strukturlarıdır:
“Bu iki strukturun arasında əməkdaşlıq mexanizmlərinin yaradılması vacibdir. Hər iki institut dövlətçilik maraqlarından çıxış edərək ictimai maraqları müdafiə edirlər. Cəmiyyəti həm maarifləndirirlər, həm də məlumatlandırırlar. Onların birgə əməkdaşlığından cəmiyyət yalnız fayda qazana bilər. Bu iki qol arasında elə bir əməkdaşlıq olmalıdır ki, biri digərinin dəstəyinə arxalansın. QHT-lərin əsas işi cəmiyyəti maarifləndirmək, problemləri müəyyən etmək, qabartmaq və həll yollarını göstərməkdir. Media da eyni məqsədə xidmət edir”.
A.Aşırlı bildirdi ki, Azərbaycanda son illər QHT-lər daha da strukturlaşıb və sistemli fəaliyyət göstəririrlər:
“Ayrı-ayrı sahələr üzrə ixtisaslaşmış QHT-lərimiz var. Amma QHT-lərimizin həyata keçirdikləri o layihələrin çoxu mediada əksini tapmır. Bəlkə də o layihələr olduqca əhəmiyyətlidirlər, orada vacib məqamlara toxunulur və s. Amma bu, mediaya açıqlanmır. Tədbirdən sonra QHT-lər redaksiyalara press-relizlər göndərir ki, onlar da bir sıra hallarda qeyri-peşəkar hazırlanır. Yaxşı olardı ki, QHT hansısa redaksiya ilə müqavilə bağlasın, jurnalistlərin tədbirlərində iştiraklarını təmin etsinlər. Jurnalistlər həmin tədbirlərdən çox maraqlı xəbərlər hazırlaya bilərlər. QHT-lərə ayrılan maliyyə vəsaitinin bir qismi mediaya yönəldilsə, daha yaxşı olar. Bu, jurnalistlərdə QHT-lərə, ümumiyyətlə, vətəndaş cəmiyyətinə qarşı maraq oyadar. Mənim baş redaktoru olduğum “Şərq” qəzeti daim QHT-lərlə əməkdaşlıq edib. Biz aktiv fəaliyyət göstərən, cəmiyyət üçün faydalı layihələr həyata keçirən QHT-lərin tədbirlərini hər zaman işıqlandırmışıq. Tez-tez QHT rəhbərlərindən, ekspertlərindən açıqlamalar, müsahibələr alırıq. QHT sektorunda bizimlə çox yaxşı, isti münasibətdə olan QHT rəhbərləri, nümayəndələri var. Bizim jurnalist dostlarımız var ki, onlar eyni zamanda QHT rəhbərləridirlər. Biz onlarla əməkdaşlığı daha da dərinləşdirməkdə maraqlıyıq”.
A.Aşırlı hesab edir ki, QHT-lər də fəaliyyətlərində aktivlik nümayiş etdirməlidirlər: “Mövsümi xarakterli layihələrlə medianın diqqətini cəlb etmək olmaz. Gərək QHT icra etdiyi layihəni mükəmməl icra etsin, problemi dərindən araşdırsın. Azərbaycanda iqtisadi, sosisal, idman, təhsil, tibb və s sahələr üzrə ixtisaslaşmış QHT rəhbərləri var ki, maraqlı təkliflərlə çıxışlar edirlər. Bizim redaksiyamızın qapısı belə QHT rəhbərlərinin üzünə açıqdır. Əgər QHT-lərbizimlə əməkdaşlıq etmək istəyirlərsə, biz təkliflərə açığıq. Bizim media onlar üçün peşəkar piar xidməti göstərə bilər. Bu əməkdaşlıqda hər iki tərəf udar və cəmiyyət də faydalanar”.
Bu yazı “Jurnalist Təşəbbüslərinin Təşviqi” İctimai Birliyinin QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyəyə dəstəyi ilə həyata keçirdiyi “QHT – media əməkdaşlığının artırılması üzrə təşəbbüslər” layihəsi çərçivəsində hazırlanıb.