"Həyət evlərində yaşayanlar ehtiyatlı olsunlar" - "Azəriqaz"dan XƏBƏRDARLIQ
"Azəriqaz" İstehsalat Birliyi ölkə ərazisində qışa hazırlıq üzrə işlərə başlayıb.
Demedia.az xəbər verir ki, bunu "Azəriqaz" İstehsalat Birliyinin Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi (SƏTƏM) və keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov bugünkü mətbuat konfransında deyib.
Qurum rəsmisi vətəndaşları qış aylarında tüstü bacalarını quraşdararkən ehtiyatlı olmağa çağırıb:
"Vətəndaşlar kustar üsulla tüstü bacaları quraşdırmasınlar. Normal tüstü bacaları quraşdırılmalıdır, əks təqdirdə məsuliyyyətsizlik xoşagəlməz halların baş verməsinə səbəb olur. Xüsusilə də, həyət evlərində yaşayan şəxslər ehtiyatlı olsunlar. Qeyd edim ki, təhlükəsizlik məqsədilə evlərdə yoxlanılmalar aparılacaq".
İlkin Behbudov onu da qeyd etdi ki, son 9 ayda 219 nəfər dəm qazından zəhərlənib, 8 nəfər isə vəfat edib. O, həmçinin dəm qazından zəhərlənmənin qarşısını almaq üçün bir sıra tədbirlər görməyi də bildirib:
“Ümumiyyətdə, təbiətdə dəm qazı ayrıca özü mövcud deyil. Dəm qazı sırf yanma prosesinin pozulması nəticəsində əmələ gəlir. Bəzən yanlış təəssürat yaranır ki, qazın tərkibinə hansısa maddə qatılır. Qətiyyən belə deyil. Dəm qazı hadisələrinin 95 faizi vanna otaqlarında baş verir. Digər otaqlarda 3-4 faiz təşkil edir. Burada əsas pozulan məqam vanna otaqlarında hava oksigenlə təmin olunmur. Bunun qarşısını almaq üçün daimi olaraq vanna otaqlarının qapısında hava keçməsi üçün dəliklər açmaq lazımdır. İkincisi, burada şərt tüstü bacalarının vaxtında təmizlənməsidir. Xüsusilə bina evlərində payız-qış mövsümünə qədər tüstü bacaları təmizlənməlidir".