Şuşaya getmək istəyənlərin DİQQƏTİNƏ
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Şuşa, Ağdam və Füzuli şəhərlərinə təşkil etdiyi müntəzəm avtobus reyslərinə noyabr ayına olan biletlər oktyabrın 25-də saat 15:00-da satışa çıxarılacaq.
Demedia.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Bildirilir ki, sərnişinlər müəyyən olunmuş marşrut xətləri üzrə biletləri https://yolumuzqarabaga.az/ portalı vasitəsilə onlayn qaydada ala bilərlər.
Vətəndaşlar bilet almaq üçün şəxsiyyətini təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Hər bir bilet yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər. Biletlər alındıqdan sonra başqa şəxsə transfer edilməsi mümkün deyil. Onu da qeyd edək ki, bilet sistemi müvafiq dövlət orqanlarının informasiya sistemləri ilə inteqrasiya edilib və sərnişinlərə biletlə birlikdə işğaldan azad olunmuş ərazilərə giriş icazəsi də verilir. Bu icazə yalnız bilet almış şəxs üçün keçərlidir və ötürülməsi mümkün deyil.
Yerüstü Nəqliyyat Agentliyi vətəndaşlara bir daha tövsiyə edir ki, sosial şəbəkələrdə Şuşa istiqamətində “turlar” təşkil edilməsi ilə bağlı elanları ciddi qəbul etməsinlər, öz sənədlərini elanlarda gördükləri əlaqə vasitələrinə göndərməsinlər. Biletləri heç kimə əlavə vəsait ödəmədən özləri alsınlar.
Qeyd edək ki, Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları yanvarın 24-də istifadəyə verilib. Füzuli istiqamətində isə ilk müntəzəm avtobus reysi iyunun 25-də həyata keçirilib.