YAP “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı təkliflərini açıqladı
“Siyasi partiyalar haqqında” yeni qanun layihəsində əqidə ilə bağlı yer alan hissə doğru deyil. Çünki partiya insanları əqidəyə görə qəbul edir. Təklif edirəm ki, bu məsələyə yenidən baxılsın”.
Demedia.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov yeni “Siyasi partiyalar haqqında” qanun layihəsi ilə bağlı parlamentdə keçirilən ictimai dinləmələrdə çıxışı zamanı deyib.
O bildirib ki, layihədə yer alan reyestrlə bağlı məsələ günün tələbidir və aktualdır:
“Bütün dünyada proseslər elektronlaşma üzərində qurulub. Reyestrin təqdim edilmə forması dəqiqləşdirilməlidir. Partiyaların bir çoxunun maddi resursları yetərincə deyil və reyestrə də üzvlər elektron qaydada daxil edilməlidir. Digər məsələ torpaqla bağlı məhdudiyyətin götürülməsi ilə bağlıdır ki, bu təklifi etsək də, qanun layihəsində nəzərə alınmayıb. Xahiş edirəm ki, bu məsələyə də dəqiqlik gətirilsin. Kommersiya məqsədli torpağı əkib-becərmək üçün mülkiyyətə verilməməsi ilə razıyam, amma onun inzibati binalarının tikilməsi üçün torpaqların partiya mülkiyyətinə verilməsinə məhdudiyyət qoyulması məntiqəuyğun deyil”.