Füzulidə beton kanal çəkilir - FOTOLAR
Ağdam melioservis idarəsi Füzulidə beton kanal çəkir.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov Demedia.az-a bildirib ki, Ağdam Melioservis İdarəsi 2022-ci il ərzində müqavilələr əsasında torpaq məcralı kanalların beton üzlüyə alınması işlərini həmçinin Ağdam və Bərdə rayonları ərazisində 258 min kub metr həcmdə kanalların dren və kollektorların lildən təmizlənməsini həyata keçirir. İdarə tərəfindən bu günə qədər Füzuli rayonu Gecəgözlü kəndi ərazisindən keçən Qurultay arxının 1170 metrdən artıq hissəsinin beton üzlüyə alınması işləri yüksək keyfiyyətlə yerinə yetirilib və hazırda kanalda son tamamlama işləri görülür. Bu vaxta qədər torpaq məcralı olan kanalda su itkiyə gedir ki, bu da əkin sahələrinin suvarılmasında fasilələrə səbəb olurdu. Artıq kanalın beton üzlüyə alınması ilə bu problem aradan qalxacaq. Bundan başqa idarə tərəfindən Ucar rayonu ərazisində torpaq məcralı Qazıqumlax kanalının da 880 metr olan hissəsinin beton üzlüyə alınması işlərinə başlanılıb. Həmin kanalda beton işlərinin noyabr ayının sonunadək tamamlanması nəzərdə tutulur.
Qeyd edək ki, Ağdam Melioservis İdarəsi Ağdam rayonu ərazisində yerləşir. İdarə ölkənin bir çox rayonlarında meliorativ tədbirlər planına uyğun olaraq işlər görür. İndiyə qədər Ağdam rayonu ərazisində 40 min kub metr, Bərdə rayonun da isə 25 min kub metr həcmdə torpaq kanalların lil və kol-kodan təmizlənməsi işləri həyata keçirilib.