Azərbaycan arsenalında robot tanklar - Revanşistlərə növbəti bəd xəbər
44 günlük müharibədən sonra Azərbaycanın ən çox diqqət yetirdiyi strateji sahələrdən biri də ölkəmizin hərbi qüdrətinin və müdafiə qabiliyyətinin durmadan artırılması ilə bağlıdır. Bu da ilk növbədə ona görədir ki, Ermənistan hələ də Azərbaycana və Türkiyəyə ərazi iddiasından əl çəkməyib. Sülh müqavilələri imzalamaq istəmir. Ölkəmizin hərbi potensialının Ermənistan üzərində əzici üstünlüyünün qalmasında isə əlbəttə ki, qardaş Türkiyə ilə hərbi sahədə, hərbi təhsil sahəsində əməkdaşlıq, birgə hərbi təlimlər mühüm rol oynayır.
Türkiyə həm də bizim vazkeçilməz silah tədarükçümüzdür. Özü də ən müasir silahlardan söhbət gedir. Nə xoş ki, qardaş məmləkət xüsusən də son illər silah alıcısından faktiki silah satıcısına çevrilib.
Bu arada məlum olub ki, Azərbaycan və Türkiyə arasında “BARKAN” yerüstü zirehli döyüş robotunun (sürücüsüz tankın) alınmasına dair ilkin razılıq əldə olunub. Türkiyənin HAVELSAN şirkətinin layihə rəhbəri Veysəl Ataoğlunun sözlərinə görə, iki ölkə arasında müvafiq danışıqlar İstanbulda keçirilən SAHA Expo müdafiə sərgisi çərçivəsində baş tutub.
“Yaxın vaxtlarda ”BARKAN" yerüstü döyüş robotu Azərbaycan Silahlı Qüvvələrində xidmətə daxil olacaq", - deyə Ataoğlu bildirib.
Qeyd olunur ki, Türkiyənin HAVELSAN şirkətinin istehsalı olan BARKAN yük daşımaq və ya yedəkləmək, yaxından mühafizə, silahlı kəşfiyyat, mina və partlamamış hərbi sursatları partlatmaq qabiliyyətinə malikdir. İlk nümunəsi bu ilin mart-aprel aylarında istehsal olunan BARKAN Türkiyə Silahlı Qüvvələrində sınaqlardan uğurla keçib. Şirkət nümayəndəsi onu da qeyd edib ki, HAVELSAN gələn il Azərbaycanda istehsala başlaya bilər: “Biz Türkiyə Silahlı Qüvvələri ilə Azərbaycan arasında fərq qoymuruq. İstənilən dəstəyi verməyə hazırıq”.
Ordumuzun arsenalına Türkiyədən pilotsuz zirehli texnika almaq üçün bir müddətdir danışıqlar aparılırdı. Bəs yeni texnika ordumuza hansı üstünlüklər yaradacaq?
Ehtiyatda olan polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, “BARKAN” yerüstü sürücüsüz döyüş robortunun bir neçə istiqamətlər üzrə təyinatı var: “Birincisi, mina təmziləmə, qoşqular vasitəsilə müəyyən mühüm daşımaları həyata keçirmə. İkincisi, şüalanmış ərazilərdə təmizləmə işlərini həyata keçirmə. Ən əsası da ondan ibarətdir ki, bu roborta kiçik çaplı silahları qoşmaq həmin silahlardan yaxın məsafədən istifadə etmək olar. Bu da əməliyyatlarda insan itkisinə yol verməmək üçün önəmlidir. Yəni müdafiə zamanı və hücum zamanı bu robot tankların önə çıxarılması canlı itkilərin sayının minimuma enməsinə ciddi yardımçı ola bilər. Əraziləri ”BARKAN" vasitəsilə qorumaq olar".
Ekspertin sözlərinə görə, ordumuzun silah arsenalına belə bir texnikanın daxil olması o demək olacaq ki, bundan sonra düşmən qarşısında həm də içərisində insan olmayan robotları görəcək: “Ərazilər çox böyükdür, bu səbəbdən müəyyən boşluqlarun da olması müəyyən mənada təbiidir. Həmin boşluqları doldurmaq üçün robotları yüngül çaplı silahlarla təmin edib onlardan istifadə etmək olar. Ərazinin mühafizəsi üçün bu önəmli bir hərbi texnikadır. Düşmən tərəfdən hər hansı təxribata yol verildikdə anında bu texnikadan istifadə etmək olar. Yəni hər nöqtəyə canlı qüvvə göndərilməsinə ehtiyac qalmaz. Elə postlar var ki, dağlıq ərazidədi və bir postla o birisinin arasında 3-4 kilometr ara var. Həmin aralarda ”BARKAN"lar yerləşdirib onlardan mükəmməl istifadə eləyə bilərik.
Minaların təmizlənməsi işində də bu robort tankların çox ciddi faydası dəyəcək. Məlumdur ki, ermənilər 30 ilə yaxın işğalda saxlaqıları ərazlərimizə milyonlarla mina basdırıblar. İşğaldan azad edilən bu ərazilərin hələ heç 20 faizi minadan təmzilənməyib. Proses davam edir. Bu prosesin insan itkisi olmadan və daha sürətli həyata keçirilməsində “BARKAN” ciddi imkanlar yaradacaq".
R.Məhərrəmov sonda bildirdi ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi, eləcə də Qarabağdakı silahlı erməni tör-töküntüləri Azərbaycan ordusunun gücünə yeni “BARKAN” gücünün əlavə edilməsindən nəticə çıxarmalıdırlar.//Yeni Müsavat