İlham Əliyev sərəncam imzaladı
Akademik Zərifə Əliyevanın 100 illik yubileyi qeyd ediləcək.
Demedia.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
2023-cü ilin aprel ayında Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 100 ili tamam olur.
Akademik Zərifə Əliyeva zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçmiş, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr vermişdir. Alimin oftalmologiyanın aktual məsələlərinə dair uzunmüddətli araşdırmalarının uğurlu nəticəsi olan sanballı əsərləri həmişə təqdirlə qarşılanmış və yüksək qiymətə layiq görülmüşdür. Bu tədqiqatlarda irəli sürülən yeni və effektli müalicə metodları, kompleks profilaktik tədbirlər qısa müddətdə müvəffəqiyyətlə geniş tətbiqini tapmışdır. Azərbaycanda oftalmologiya məktəbinin ilk tədqiqat mərkəzi olaraq ixtisaslaşdırılmış elmi tədqiqat laboratoriyası məhz akademik Zərifə Əliyevanın təşəbbüsü ilə yaradılmışdır. Həkimlik etikasını bütün elmi və pedaqoji fəaliyyəti boyu daim diqqət mərkəzində saxlayan Zərifə Əliyeva respublikada yüksəkixtisaslı kadrların hazırlanması işinə gərgin əmək sərf etmiş, gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəslini formalaşdırmışdır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkəmizdə tibb elminin inkişafında xüsusi xidmətlər göstərmiş görkəmli oftalmoloq alim Zərifə Əliyevanın anadan olmasının 100-cü ildönümünün qeyd olunmasını təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə akademik Zərifə Əliyevanın 100 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
***
“Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazinin komendantlığının fəaliyyəti Qaydası” təsdiq edilib.
Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.
Nazirlər Kabineti Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Azərbaycan Respublikası Prezidentinin
Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazinin komendantlığının fəaliyyəti qaydası
1. Ümumi müddəalar
1.1. Bu Qayda “Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 13.4-cü maddəsinə əsasən hazırlanmışdır və fövqəladə vəziyyətin tətbiq edildiyi ərazinin komendantlığının (bundan sonra – komendantlıq) fəaliyyəti qaydasını müəyyən edir.
1.2. Komendantlıq fövqəladə vəziyyətin tətbiq edildiyi ərazinin komendantının (bundan sonra – komendant) Qanunla müəyyən olunmuş səlahiyyətlərinin həyata keçirilməsinin təmin edilməsi və fövqəladə vəziyyət rejimini təmin edən qüvvə və vasitələrin fəaliyyətinin əlaqələndirilməsinin təşkil olunması üçün Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan qurumdur.
1.3. Komendantlıq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, “Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununu, bu Qaydanı, Azərbaycan Respublikası Prezidentinin aktlarını, digər normativ hüquqi aktları və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri rəhbər tutur.
1.4. Komendantlıq aşağıdakı prinsiplər əsasında fəaliyyət göstərir:
1.4.1. qanunçuluq;
1.4.2. insan hüquq və azadlıqlarına hörmət;
1.4.3. həyata keçirilən tədbirlərin və müvəqqəti məhdudiyyətlərin fövqəladə vəziyyətə uyğunluğu;
1.4.4. mərkəzləşdirilmiş idarəetmə.
1.5. Komendantlıq fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə, bu mümkün olmadıqda isə yaxın ərazidə yerləşir.
1.6. Komendantlığın fəaliyyətinin maliyyələşdirilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.
2. Komendantlığın fəaliyyət istiqamətləri
2.1. Komendantlığın fəaliyyət istiqamətləri aşağıdakılardır:
2.1.1. komendantın Qanunla müəyyən edilmiş səlahiyyətlərinin həyata keçirilməsini təmin etmək;
2.1.2. fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə fövqəladə vəziyyət rejimini təmin edən qüvvə və vasitələrin vahid mərkəzdən idarə olunmasını təşkil etmək;
2.1.3. fövqəladə vəziyyət rejimini təmin edən qüvvə və vasitələrin fəaliyyətinin əlaqələndirilməsini təşkil etmək;
2.1.4. Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi digər istiqamətlərdə fəaliyyət göstərmək.
3. Komendantlığın vəzifələri
3.1. Komendantın Qanunda nəzərdə tutulmuş səlahiyyətlərinə uyğun olaraq komendantlıq aşağıdakı vəzifələri yerinə yetirir:
3.1.1. fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə Qanunun 8-ci maddəsində nəzərdə tutulan tədbirlərin və müvəqqəti məhdudiyyətlərin tətbiq edilməsi zəruriliyini təhlil etmək və onların tətbiqi barədə Azərbaycan Respublikasının Prezidenti tərəfindən qərar qəbul edildikdən sonra həmin tədbirlərin və müvəqqəti məhdudiyyətlərin icrasını təmin etmək;
3.1.2. komendantın fövqəladə vəziyyət rejiminin təmin edilməsi məsələləri üzrə əmr və sərəncamlarının layihələrini, habelə fövqəladə vəziyyətin tətbiq edilməsinə səbəb olmuş halların aradan qaldırılması ilə bağlı tədbirlər planlarını hazırlamaq;
3.1.3. fövqəladə vəziyyət rejiminin təmin edilməsinə cəlb olunmuş qarovul (patrul) naryadlarının xidmətinin təşkilini və aparılmasını təmin etmək, növbəyə daxil olmazdan əvvəl qarovul (patrul) naryadlarının şəxsi heyətini təlimatlandırmaq, əməkdaşların (hərbi qulluqçuların) zəruri ləvazimatlarla təchiz olunmasına nəzarət etmək;
3.1.4. fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə qanunçuluğa riayət olunmasının təmin edilməsi və ictimai qaydanın qorunması məqsədilə müvafiq tədbirləri planlaşdırmaq və həyata keçirmək;
3.1.5. fövqəladə vəziyyət rejiminin təmin edilməsi üzrə normativ hüquqi aktlar, habelə komendantın əmr və sərəncamları ilə bağlı maarifləndirmə və təbliğat işlərini təşkil etmək;
3.1.6. fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün hüquqi şəxslərin vəzifəli şəxsləri, vətəndaşlar, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər, mülki müdafiə orqanları, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə orqanların (qurumların), fövqəladə vəziyyət rejimini təmin edən orqanların (qurumların) vəzifəli şəxsləri tərəfindən komendantın əmr və sərəncamlarının icra olunmasına, fövqəladə vəziyyət şəraitində tətbiq edilən tədbirlərin və müvəqqəti məhdudiyyətlərin yerinə yetirilməsinə nəzarət etmək;
3.1.7. fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə fəaliyyət göstərən mərkəzi və yerli icra hakimiyyəti orqanları, həmçinin yerli özünüidarə orqanları ilə qarşılıqlı əlaqəni təmin etmək;
3.1.8. fövqəladə vəziyyət rejiminin tətbiq edildiyi ərazidə dislokasiya olunan hüquq mühafizə və digər aidiyyəti dövlət orqanları nümayəndələrinin iştirakı ilə ictimai asayişin və təhlükəsizliyin qorunması işinin təşkilini gündəlik təhlil etmək, hüquq pozuntularının qarşısının alınması üçün müvafiq tədbirlər müəyyənləşdirib həyata keçirilməsini təmin etmək;
3.1.9. media nümayəndələri üçün mətbuat konfransları və ya brifinqlər təşkil etmək;
3.1.10. fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə açıqlanması qanunla qadağan olunan məlumatların açıqlanmasının qarşısının alınması üçün tədbirlər görmək;
3.1.11. fövqəladə vəziyyət rejiminin təmin edilməsinə cəlb olunan əmlak və resursların, o cümlədən sərf olunan maliyyə xərclərinin uçotunu aparmaq;
3.1.12. fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə mövcud vəziyyət barədə gündəlik məlumatların toplanılmasını, ümumiləşdirilməsini və təhlil olunmasını təşkil etmək;
3.1.13. fövqəladə vəziyyət rejiminin təmin edilməsində iştirak etmiş şəxslərin qeydiyyatının bu Qaydanın 5.2-ci bəndində nəzərdə tutulmuş qaydada yaradılan birləşmiş əməliyyat qərargahında aparılmasını təşkil etmək;
3.1.14. dövlət sirrinin mühafizəsini təmin etmək;
3.1.15. Qanuna uyğun olaraq komendantın səlahiyyətlərindən irəli gələn digər vəzifələri yerinə yetirmək.
4. Komendantlığın hüquqları
4.1. Komendantın Qanunda nəzərdə tutulmuş səlahiyyətlərinə uyğun olaraq komendantlıq aşağıdakı hüquqları həyata keçirir:
4.1.1. fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə komendantın əmr və sərəncamlarının yerinə yetirilməsini mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün hüquqi şəxslərin vəzifəli şəxslərindən, vətəndaşlardan, əcnəbilərdən, vətəndaşlığı olmayan şəxslərdən, həmçinin mülki müdafiə orqanlarının, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə orqanların (qurumların), fövqəladə vəziyyət rejimini təmin edən orqanların (qurumların) vəzifəli şəxslərindən tələb etmək;
4.1.2. vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar dövlət orqanlarına (qurumlarına), yerli özünüidarə orqanlarına, bütün hüquqi və fiziki şəxslərə zəruri məlumatlar barədə sorğular göndərmək, onlardan cavablar, habelə görülən işlər barədə arayışlar və məlumatlar almaq;
4.1.3. fövqəladə vəziyyətin tətbiq edilməsinə səbəb olmuş halların aradan qaldırılması üzrə fəaliyyətə dövlət orqanlarının (qurumlarının) və hüquqi şəxslərin mütəxəssislərini qanunla müəyyən edilmiş hədlər çərçivəsində cəlb etmək;
4.1.4. səlahiyyətinə aid məsələlərlə bağlı rəy və təkliflər vermək, təhlil və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq;
4.1.5. fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə ona verilmiş tapşırıqların yerinə yetirilməsi üçün cəlb olunmuş qüvvə və vasitələrdən istifadə etmək;
4.1.6. Qanuna uyğun olaraq komendantın səlahiyyətlərindən irəli gələn digər hüquqları həyata keçirmək.
5. Komendantlığın fəaliyyətinin təşkili
5.1. Komendantlıq Qanunun 11-ci və 12-ci maddələrində nəzərdə tutulan fövqəladə vəziyyət rejimini təmin etmək üçün qüvvə və vasitələri istifadə olunan dövlət orqanlarının nümayəndələrindən formalaşdırılır. Zərurət yarandıqda, komendantlığın fəaliyyətinə bu dövlət orqanlarından başqa, digər dövlət orqanlarının (qurumlarının) nümayəndələri də cəlb oluna bilərlər.
5.2. Fövqəladə vəziyyət rejimini təmin edən qüvvə və vasitələrin fəaliyyətinin əlaqələndirilməsi üçün komendantlığın tərkibində Azərbaycan Respublikasının Prezidenti tərəfindən fövqəladə vəziyyət rejimini təmin edən orqanların nümayəndələrindən ibarət birləşmiş əməliyyat qərargahı yaradılır.
5.3. Komendantlığa və birləşmiş əməliyyat qərargahına Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən komendant rəhbərlik edir. Komendant ona həvalə olunmuş vəzifələrin yerinə yetirilməsinə görə şəxsən məsuliyyət daşıyır.
5.4. Komendant Azərbaycan Respublikasının Prezidentinə, fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə xüsusi idarəetmə orqanı yaradıldığı halda isə xüsusi idarəetmə orqanının rəhbərinə tabedir və bu halda komendant həmin orqanın rəhbərinin birinci müavini olur. Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə mərkəzi idarəetmə orqanı yaradıldıqda, komendantlıq həmin orqanın struktur tərkibinin bir hissəsi olur.
5.5. Komendantın Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla, vəzifəyə təyin və vəzifədən azad etdiyi müavinləri vardır. Komendantın müavinləri onlara komendant tərəfindən həvalə edilmiş vəzifələri yerinə yetirirlər və bunun üçün şəxsən məsuliyyət daşıyırlar.
5.6. Komendant:
5.6.1. komendantlığın fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
5.6.2. müavinləri arasında vəzifə bölgüsü aparır;
5.6.3. Qanunun 13-cü maddəsində nəzərdə tutulan səlahiyyətləri həyata keçirir;
5.6.4. komendantlığın strukturunu və komendantlığın fəaliyyətinə cəlb olunan şəxslərin say həddini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla müəyyən edir;
5.6.5. bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan şəxslərin komendantlığın fəaliyyətinə cəlb edilməsi üçün müvafiq tədbirlər görür;
5.6.6. komendantlığın strukturuna daxil olan bölmələrin iş bölgüsünü müəyyən edir;
5.6.7. komendantlığı və birləşmiş əməliyyat qərargahını təmsil edir;
5.6.8. Azərbaycan Respublikasının Prezidenti, fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə xüsusi idarəetmə orqanı yaradıldığı halda isə həmçinin xüsusi idarəetmə orqanının rəhbəri tərəfindən ona həvalə edilmiş digər səlahiyyətləri həyata keçirir.
5.7. Komendantlıq fəaliyyətini komendantın müəyyən etdiyi iş rejimi qaydalarına uyğun olaraq fasiləsiz həyata keçirir. Komendantlığın fəaliyyətinə cəlb olunan şəxsin əsas iş yeri və orta əmək haqqı saxlanılır.
6. Yekun müddəalar
6.1. Komendantlıq fövqəladə vəziyyətin tətbiq edildiyi müddətdə fəaliyyət göstərir.
6.2. Komendantlıq ləğv edildikdən sonra onun fəaliyyəti ərzində hazırlanmış, əldə olunmuş sənədlər və məlumatlar komendantın təmsil etdiyi dövlət orqanında saxlanılır.
***
Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhərinin Xəzər rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Bakı şəhəri Xəzər rayonunun Binə, Buzovna, Qala, Mərdəkan və Zirə qəsəbələri ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğin 4,4 milyon (dörd milyon dörd yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.