İlham Əliyev Füzulidə yeni hərbi hissədə yaradılan şəraitlə tanış oldu



 16:33 07.11.2022     350

Noyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Füzuli rayonu ərazisində Müdafiə Nazirliyinin yeni istifadəyə verilmiş “N” saylı hərbi hissəsində yaradılan şəraitlə tanış olub.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə raport verib.

Prezident İlham Əliyev hərbi şəhərciyin ərazisində şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksinin önünə gül dəstəsi qoyub, burada ağac əkib.

Müzəffər Ali Baş Komandan İlham Əliyev hərbi şəhərciyin qərargah binası ilə tanış olub.

Dövlət başçısı hərbçilərlə birgə foto çəkdirib, onları 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edib.

Hərbi şəhərcikdə görülən işlər barədə məlumat verən nazir Zakir Həsənov bildirib ki, şəxsi heyətin xidməti və məişət şəraitinin təmin edilməsi məqsədilə əsaslı təmir olunmuş hərbi şəhərcik ərazisində qərargah, yeməkxana, tibb məntəqəsi, əsgər yataqxanaları, hamam-camaşırxana, avtomobil parkı, müxtəlif təyinatlı anbarlar, eləcə də digər infrastruktur obyektləri mövcuddur. Burada döyüş hazırlığının və qoşun xidmətinin yüksək səviyyədə təşkili, döyüş əməliyyatları zamanı bölmələrin operativ idarə olunması, eləcə də digər qoşun növləri ilə qarşılıqlı əlaqənin təmin edilməsi üçün müasir kommunikasiya və informasiya vasitələri ilə təchiz olunmuş idarəetmə mərkəzi, rabitə qovşağı və digər xidməti otaqlar var.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev hərbi şəhərcikdə əsgər yataqxanası, əsgər yeməkxanası və idman zalı ilə tanış olub.

Diqqətə çatdırılıb ki, şəhərcikdə hərbi qulluqçular və onların ailələri üçün yeni istifadəyə verilmiş iki və üçmərtəbəli yaşayış binaları, məktəb və uşaq bağçası mövcuddur. Hərbi qulluqçuların səmərəli istirahəti üçün müasir standartlara uyğun şərait yaradılıb.

Müzəffər Ali Baş Komandan İlham Əliyev mənzillərdə yaradılmış şəraitlə də tanış olub.

***

Noyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Füzuli rayonu ərazisində Müdafiə Nazirliyinin yeni istifadəyə verilmiş “N” saylı hərbi hissəsində yaradılan şəraitlə tanış olub.

Demedia.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.