“Azəriqaz”: "Qaz sayğaclarına kənar müdaxilə halları iki dəfə azalıb”
Son iki ildə Azərbaycanda qaz sayğaclarına kənar müdaxilə halları iki dəfə azalıb.
Demedia.az-ın məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Sayğacların tətbiqi, idarə olunması və nəzarəti şöbəsinin rəisi Rövşən Məhyəddinov bu gün keçirilən “Açıq qapı” aksiyasında bildirib
Onun sözlərinə görə, 2022-ci ilin əvvəlində təxminən 650 minə yaxın dövrü yoxlama müddəti bitən qaz sayğacı mövcud idi: “Artıq 250 minə yaxın qaz sayğacı əvəz olunaraq dövlət yoxlanılmasına təqdim olunub. Bu işlər bu gün də aparılır. Statistikaya əsasən, 2020-ci ildə çıxarılan qaz sayğaclarının 13 min ədədində kənar müdaxilə aşkar olunub. 2021-ci ildə bu rəqəm 20 800 ədəd təşkil edib. Artıq 2022-ci ildə isə 8 900 ədəd qaz sayğacında kənar müdaxilə halları aşkar edilib”.
O, belə halların azalmasına səbəb kimi “Qaz təsərrüfatı haqqında” qanunda dəyişikliklərin edilməsini gətirib: “Belə ki, bu qanuna əsasən qaz sayğacına hər hansı kənar müdaxilə edildiyi halda onun hesablanması müəyyən edilib. Həmçinin, ötən ildən başlayaraq şəffaf qutuların quraşdırılmasına başlanılıb ki, bu da kənar müdaxilələrin azalmasına səbəb olub”.
R. Məhyəddinov bildirib ki, bu gün qeyri-əhali sektoru üzrə sənaye tipli sayğaclar mövcuddur: “Belə sayğacların sayı 8 200 ədəddir ki, onların 3 min ədədinin artıq dövrü yoxlama müddəti bitib. Bu günə qədər 1 500 ədədi çıxarılaraq dövlət yoxlanılmasına göndərilməsi təmin olunub. Bu işlər də davam etdirilir. Sənaye tipli qaz sayğaclarının çıxarılması məişət tipli qaz sayğaclarında fərqli olaraq çıxarılması daha çox vaxt və zəhmət tələb edir. Bu baxımdan da bu işlərin də yaxın zamanlarda tamamlanmasına nail olunacaq”.
O xatırladıb ki, Nazirlər Kabinetinin təsdiq etdiyi mövcud qanunvericiliyinin tələbi ilə əhali üçün məişət tipli qaz sayğaclarının dövrü yoxlama müddəti 5 il, sənaye tipli qaz sayğaclarının dövrü yoxlama müddəti isə 3 il müəyyən edilib.