Sabunçuda “Şuşanın 270 anı" bədii-sənədli filmi nümayiş olundu



 22:51 08.12.2022     572

Bu gün Sabunçu rayonu, Zabrat qəsəbəsi 81 saylı tam orta məktəbin təşkilatçılığı ilə “Şuşa ili” çərçivəsində məktəbdə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Cəmiyyətin və Medianın İnkişafı” İctimai Birliyinin icra etdiyi “Şuşanı tanıyaq, tanıdaq!” layihəsi çərçivəsində hazırlanan “Şuşanın 270 anı" bədii-sənədli filmi nümayiş olunub.

Demedia.az xəbər verir ki, tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, “Cəmiyyətin və Medianın İnkişafı” İctimai Birliyinin sədri, layihə rəhbəri, tanınmış aparıcı Lalə Azərtaş, Sabunçu rayon Ağsaqqallar Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Vəli Səfərov (Qaraçaylı), Vətən müharibəsi iştirakçıları, Zabrat qəsəbəsi 81 saylı tam orta məktəbin şagird və müəllim heyəti və digərləri iştirak ediblər.

İlk olaraq tədbir iştirakçıları şagirdlərin mövzu üzrə hazırladıqları rəsm əsərlərindən və əl işlərindən ibarət sərgiyə baxış  keçiriblər.

Məktəbin direktoru Mehriban Əlizadə qonaqları salamlayaraq tədbirin mahiyyəti və əhəmiyyəti barədə məlumat verib.

“Cəmiyyətin və Medianın İnkişafı” İctimai Birliyinin sədri, layihə rəhbəri, tanınmış aparıcı Lalə Azərtaş “Şuşanı tanıyaq, tanıdaq!” layihəsi çərçivəsində lentə alınan “Şuşanın 270 anı" bədii-sənədli filmi haqqında məlumat verərək bildirdi ki, filmin qəhrəmanı Natavan adlı 35-36 yaşlarında xanımdır. Əslən Şuşalıdır, Fransada yaşayır. Fotoqrafdır. 1992-ci ildə Şuşanın işğalı ilə taleyi dəyişən 5 yaşlı Natavan öz Vətənində xeyli müddət məcburi köçkün olub, ailəsi şəhidlər verib. 20 yaşında ikən anasını itirib, xaricə köçüb. Filmdəki hadisələr xətti Vətən Müharibəsində Azərbaycan xalqının qazandığı Böyük Zəfərdən sonra cərəyan edir. Natavan ata-baba yurdunu ziyarətə gəlib. Qəhrəmanın niyyəti tarixə toxunmaq, gerçək Qarabağ mənzərələrini və Azərbaycan həqiqətlərini “Şuşanın 270 anı” adlı foto-sərgi vasitəsilə dünyaya çatdırmaqdır. Bundan başqa, filmdə real tarixi hadisə - görkəmli Azərbaycan şairəsi Xurşudbanu Natəvanla məşhur fransız yazıçısı Aleksandr Düma arasında baş tutan və xan qızının qələbəsi ilə başa çatan şahmat oyunu canlandırılıb.

Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova çıxışında qeyd etdi ki, ölkə Prezidenti cənab İlham Əliyevin 2022-ci ili məhz Azərbaycanın qədim şəhəri və mədəniyyət paytaxtına həsr olunan “Şuşa ili” elan etməsi çox mütərəqqi bir addımdır. Tədbirin təşkilində əməyi keçən hər kəsə minnətdarlığını bildirən R.Fərəcova belə tədbirlərin yetişməkdə olan gənc nəsildə Vətənə məhəbbət və vətənpərvərlik hislərinin aşılanması istiqamətində mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb.

Tədbirdə çıxış edən Sabunçu rayon Ağsaqqallar Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Vəli Səfərov (Qaraçaylı) “Şuşa İli” çərçivəsində həyata keçirilən tədbirlərin mədəniyyət paytaxtımızın irsinin təbliğinə töhfə olduğunu bildirərək müəllifi olduğu “Dəmir Yumruq” və “Şuşa” şeirlərini də səsləndirilib.

Tədbir “Şuşanın 270 anı" bədii-sənədli filminin nümayişi ilə davam edib.

Tədbirin sonunda məktəbin şagirdlərinin ifasında böyük Zəfərə həsr olunan şeirlər və mahnılar səsləndirilib.

1

1

1

1

1

1

1

1