Azərbaycanlı etirazçılar Qarabağdakı erməniləri aksiyaya qoşulmağa dəvət etdi
Şuşada keçirilən aksiyada iştirak edən azərbaycanlı aktivistlər Qarabağdakı erməniləri onlara qoşulmağa dəvət edib.
Demedia.az xəbər verir ki, bu barədə ictimai fəal, Kəlbəcər rayon sakini Həcər Abbaslı Report-un hadisə yerində olan əməkdaşına bildirib.
"Biz sülhməramlılara öz tələblərimizi irəli sürmək üçün buraya gəlmişik. Ekoloji terrora son deyirik. Öz haqlı tələblərimizi sülhməramlıların rəhbərinin nəzərinə çatdırmaq üçün buradayıq. Bütün Qarabağda olan erməniləri də bizə dəstək verməyə çağırırıq. Çünki onlar da bizim vətəndaşlarımızdır. Baş verən ekoloji terrora onlar da susmamalıdırlar. Qarabağda yaşayan erməniləri burada keçirdiyimiz aksiyaya qoşulmağa dəvət edirik.
Hazırda Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində keçirilən aksiya davam edir.
Xatırladaq ki, etirazçılar Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovun əraziyə gəlməsini tələb edirlər.
Aksiyanın keçirilməsində əsas məqsəd Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı monitorinq keçirilməsinə imkan yaratmağa nail olmaqdır.