Azərbaycanda karqo daşımalarına ümumi qaydalar tətbiq ediləcək
Dövlət Gömrük Komitəsi (DGK) karqo daşımalarının ümumi qaydalar əsasında həyata keçirilməsinə nail olacaq.
Demedia.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi Siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında DGK sədrinin I müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov bildirib.
"Yaxın dövrlərdə karqo işində tam şəffaflaşdırılmaya nail olunacaq, daşımalarda şəffaflıq yüksəldiləcək. Karqo məsələsi bizim üçün çox vacibdir", - Ş. Bağırov deyib.
Bir neçə müddət əvvəl DGK bildirmişdi ki, son dövrlər müxtəlif daşıyıcı şirkətlər vasitəsilə ölkə ərazisinə gətirilən yüklərin içərisində şəxsi istifadə adı altında bəyan edilən mallardan kommersiya təyinatlı olan malların aşkar edilməsi, qaçaqmalçılıq faktları artıb. Bununla bağlı Gömrük Komitəsi bir daha vətəndaşlara müraciət edərək xaricdən sifariş etdikləri məhsulların asan və sürətli şəkildə gömrük nəzarətindən keçirilməsi üçün qanunvericiliyə riayət etmələrini, bəyannamədə mallara dair məlumatların düzgün göstərilməsini tövsiyə edib.