Bu halda pensiya yaşı azaldıla bilər



 13:28 15.12.2022     704

Pensiya yaşının azaldılması Azərbaycanda xeyli müddətdir ki, müzakirə olunan əsas mövzulardan biridir. Son bir neçə ildə isə bu mövzu Milli Məclisə də yol tapıb.

Demedia.az-ın məlumatına görə, bir neçə dəfə pensiya yaşının azadılması ilə bağlı çıxış edən deputat Qüdrət Həsənquliyev bir müddət əvvəl bildirib ki, Azərbaycanda kişilərin 47 faizi 65 yaşına çatmadan, yəni pensiya almadan ölürlər. Maliyyə naziri Samir Şərifov isə bu fikrin yanlış olduğunu, 2021-ci ildə dünyasını dəyişən 18 min 922 nəfərin və ya 47 faizinin  65 yaşa qədər kişilər olduğunu vurğulayıb.  

Bəs, Azərbaycanda pensiya yaşı reallığı nə dərəcədə əks etdirir?

“Əmək pensiyaları haqqında” qanuna 2017-ci ildə edilən dəyişikliyə görə kişilərin pensiyaya çıxma yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay nəzərdə tutulub. Bununla da kişi və qadınların pensiyaya çıxma yaşı eyni - 65 olacaq. Artıq kişilərlə bağlı bu proses ötən il yekunlaşıb və onlar bu yaşda pensiyaya çıxırlar. Qadınlarda isə bu proses 2027-ci ildə başa çatacaq. Dəyişikliyə qədər kişilər üçün pensiya yaşı 63 yaş, qadınlarda isə 60 idi.

Qeyd edək ki, qanunvericiliyə görə Azərbaycanda gözlənilən pensiya ödənişi müddəti 12 ildir. Yəni, hər bir pensiyaçının orta hesabla 12 il və ya 144 ay ödəniş alacağı nəzərdə tutulur. Bu da o deməkdir ki, 65 yaşında pensiyaya çıxmış şəxs 77 yaşına qədər ömür sürməlidir ki, pensiya kapitalında topladığı vəsaiti tam ala bilsin. 

Rəsmi statistikaya nəzər salanda isə məlum olur ki, Azərbaycanda orta ömür müddəti azalmaqdadır. Əgər pensiya yaşının artırılması ilə bağlı qanunvericiliyə dəyişiklik ilində - 2017-ci ildə ölkədə orta ömür 75,4 il olmuşdusa, ötən il bu göstərici 73,6 ilə enib. Orta ömür müddətini cinslərə bölsək, qadınlarda bu göstərici bir qədər yüksək – 75,9 il olsa, da kişilərdə aşağıdır – 71,3  ildir. Müqayisə üçün deyək ki, 2017-ci ildə kişilərin orta ömrü 73,1 il, qadınların isə 77,8 il olmuşdu. 

Məsələyə şəhər və kənd yerləri üzrə yanaşsaq, vəziyyət bir qədər də dəyişir. Çünki şəhər yerlərində orta ömür müddəti daha aşağıdır. Təkcə ötən il şəhərlərdə orta ömür 73,1 il, o cümlədən kişilərdə 70,4 il, qadınlarda 75,1 il təşkil edib. Kənd yerlərində isə orta ömür müddəti 74,7 il, o cümlədən kişilərdə 72,4 il, qadınlarda 76,8 il olub. 

2017-ci ildə şəhərlər üzrə orta ömür 74,9 il, o cümlədən kişilərdə 72,6 il, qadınlarda 77,2 il olub. Kənd yerləri üzrə orta ömür 76 il, o cümlədən kişilərdə 73,7 il, qadınlarda 78,3 il təşkil edib.

İndi isə qayıdaq kişilərin 47 faizinin pensiya almadan dünyalarını dəyişmələri iddiasına. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il Azərbaycanda 65 yaşınadək ölənlərin sayı 30 544 nəfər olub ki, bunun da 18 922 nəfəri və ya 61,9 faizini kişilər təşkil edib. Ötən il ölən kişilərin 47 faizinin yaşı 65-ə qədər olub. Bu, S.Şərifovun səsləndirdiyi rəqəmlə eynidir. 

Rəsmi statistikaya görə, ötən il dünyasını dəyişənlərin 27 362 nəfəri əməkqabiliyyətli olub. Bunun da 18 592 nəfəri və ya 67,9 faizi kişi olub. Əmək qabiliyyətli dedikdə, bu, 2021-ci ildə kişilər üçün 15-64,5 yaş, qadınlar üçün 15-61,5 yaş nəzərdə tutulub. Ötən il ölkə üzrə ümumilikdə 40 261 nəfər kişi dünyasını dəyişib. Bu da o deməkdir ki, ötən il ölən kişilərin 46,2 faizi ümumiyyətlə pensiya almayıblar.  

Ancaq bu, ən yüksək göstərici də deyil. Belə ki, 2020-ci ildə ölən kişilərin 48,1 faizi, 2019-cu ildə 62,1 faizi, 2018-ci ildə 58,4 faizi, 2017-ci ildə 58,7 faizi pensiya almayıblar. Ümumilikdə isə hər iki cins üzrə ölənlərin 2017-ci ildə 31,3 faizi, 2018-ci ildə 31,2 faizi, 2019-cu ildə 33,2 faizi, 2020-ci ildə 37 faizi, 2021-ci ildə 35,6 faizi əməkqabiliyyətli yaşda olublar, yəni pensiya almayıblar. 

Müşahidə olunan azalmada koronavirus pandemiyanın rolu da olsa da reallıq budur ki, orta ömür müddəti azalıb. Bu, özünü pensiya alanların sayında da göstərməkdədir. Əgər 2020-ci ilin əvvəlində ölkədə pensiyaçıların sayı 1 milyon 270,6 min nəfər olmuşdusa, cari ilin iyul ayında bu göstərici 8,8 faiz azalaraq 1 milyon 159,3 min nəfər təşkil edib. Gələn ilin əvvəlində isə 2020-ci ilin faktiki göstərici ilə müqayisədə 12 faiz azalaraq 1 milyon 118,1 minə enəcəyi proqnozlaşdırılır. Bunları nəzərə alanda, pensiya yaşının azaldılması zəruri ola bilər.

Bununla belə, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin sözlərinə görə, pensiyaçıların 68 faizi 12 ildən çox pensiya alır. Bu barədə Milli Məclisdəki çıxışda bəhs edən nazir deyib ki, pensiya yaşı 65 olsa da, xüsusi kateqoriyalara edilən güzəştlər çərçivəsində effektiv pensiya yaşı 61 və 62-dir. Bu da onu deməyə əsas verir ki, pensiya almadan dünyasını dəyişənlər olduğu kimi, pensiya ödənişi müddətindən artıq pensiya alanlar və erkən yaşda pensiya hüququndan yararlananlar da az deyil.

Lakin mövzu təkcə pensiya yaşı ilə yekunlaşmır. Məsələ burasındadır ki, pensiyaların ödəmə mənbəyi olan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirlərinin bir hissəsini hələ də dövlət büdcəsinin vəsaiti təşkil edir. Son illərdə əmək bazarında leqallaşma tədbirlərinin miqyasının genişlənməsinə baxmayaraq, ötən il Fondun gəlirlərinin 25,3 faizinin (1 milyard 307,4 milyon manatı) mənbəyi dövlət büdcəsi olub. Cari ildə bu göstəricinin 21,1 faizə (1 milyard 232 milyon manata) enəcəyi gözlənilsə də, gələn il 23,4 faizə (1 milyard 467,8 milyon manata) yüksələcəyi proqnozlaşdırılır. 2024-cü ildən başlayaraq isə Fondun xərclərinin artması fonunda dövlət büdcəsindən asılılığının daha da artacağı gözlənilir. Belə ki, 2024-cü ildə dövlət büdcəsinin Fondun gəlirlərindəki payı 32,5 faiz (2 milyard 616,71 milyon manat), 2025-ci ildə 30,75 faiz (2 milyard 642,14 milyon manat), 2026-cı ildə isə 28,9 faiz (2 milyard 664,39 milyon manat) olacağı proqnozlaşdırılır. 

Pensiya yaşının azaldılması isə Fondun xərclərinin daha da artması deməkdir. DSMF-yə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların böyük templə artmadığı şəraitdə bu, dövlət büdcəsindən asılılığın daha da yüksəlməsinə gətirib çıxarmış olar.