Daha bir ölkədə Rusiya terrorizmin sponsoru kimi tanındı



 17:31 15.12.2022     555

Polşa Milli Assambleyasının Aşağı Palatası Rusiyanı terrorçuluğu dəstəkləyən dövlət kimi tanıyan qətnamə qəbul edib.

Demedia.az xəbər verir ki, sənəd Seymin saytında dərc olunub.

Polşa parlamentariləri Rusiyanı hərbi cinayətlərdə, soyqırımında və düşmən iqtisadi fəaliyyətdə ittiham ediblər.

“Rusiya 2014-cü ilin iyulunda 298 nəfərin ölümü ilə nəticələnən Malayziya Hava Yollarına məxsus təyyarənin (MH17) qəzaya düşməsinə, həmçinin 2010-cu ilin aprelində Smolenskdə Polşa prezidenti Lex Kaçinski, hökumət nümayəndələri, Polşa və NATO-nun yüksək rütbəli hərbi rəhbərləri, eləcə də Polşa parlamentinin üzvləri də daxil olmaqla 96 nəfərin ölümünə səbəb olan təyyarə qəzasına görə məsuliyyət daşıyır”, - deyə qətnamədə vurğulanır.

Mətndə həmçinin Rusiyanın Ukraynaya qarşı siyasəti, o cümlədən müharibə olan ölkədə həyata keçirdiyi işgəncələr, qətliamlar, “məcburi ruslaşdırma” və mülki infrastruktura ziyan vurması kəskin tənqid olunur.

Qətnaməni 231 deputat dəstəkləyib, 226 deputat səsvermədə iştirak etməyib.

Xatırladaq ki, avqustda Latviya Parlamenti də Rusiyanı rəsmi olaraq terrorizmin sponsoru elan etmişdi.