Şuşa-Xankəndi yolunda aksiya beş gündür davam edir



 09:41 16.12.2022     355

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqları, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq eko-fəallar və QHT təmsilçiləri Laçın yolunda aksiyanı davam etdirir.

Aksiya iştirakçıları gecəboyu ekoloji terrora son qoyulması, yataqlarda monitorinq keçirilməsi tələbləri ilə şüarlar səsləndiriblər.

Bundan başqa, etirazçılar bildiriblər ki, Rusiya sülhməramlılarının olduğu bütün postlarda xidmət Azərbaycanın aidiyyəti dövlət qurumları ilə birgə təşkil edilməlidir.

Şüarlarda Rusiya sülhməramlılarının komandanı Andrey Volkovla görüş tələbi də səsləndirilib.

Aksiya iştirakçılarına ictimai dəstək isə günbəgün artır. Ekologiya, geologiya və digər sahələr üzrə alimlər, ekspertlər, tələbələr, vətəndaş cəmiyyətinin təmsilçiləri aksiyaya qoşulur, səsləndirilən tələblərə dəstək verirlər.

Etirazçılar tələbləri yerinə yetirilməyənə qədər aksiyanı davam etdirəcəklərini bildirirlər.