Baş Qərargah rəisi hərbi hissələrin döyüş hazırlığını yoxladı



 17:25 17.12.2022     452

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev bölmələrin döyüş hazırlığının qəfil yoxlanılması məqsədilə Komando briqadaları və digər hərbi hissələrdə olub.

Bu barədə Demedia.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Baş Qərargah rəisi komandirlərin qərar qəbuletmə və qüvvələrin tətbiqi üzrə praktiki vərdişlərinin təkmilləşdirilməsi, bölmələrin döyüş hazırlığını, döyüş növbətçiliyinin təşkili və aparılmasını yoxlayıb.

Baş Qərargah rəisi döyüş hazırlığı səviyyəsinin yüksəldilməsində əsas diqqətin təlim və məşqlərin planlı və sistematik keçirilməsi, habelə birlik, birləşmə və idarəetmə orqanlarının döyüş uzlaşmasının təmin olunması, hərbi qulluqçuların fərdi hazırlığı, döyüş heyətlərinin tapşırıqları dəqiq və vaxtında icra etməsinə yönəldilməsini tapşırıb.

Təlim və məşqlərin intensivliyi və keyfiyyətinin artırılmasına toxunan müdafiə nazirinin birinci müavini onların Vətən müharibəsi, həmçinin son əməliyyatlar, xüsusilə də cari ilin sentyabr ayında baş vermiş döyüş toqquşmalarında qazanılan təcrübə nəzərə alınmaqla real döyüş vəziyyətinə uyğun şəraitdə keçirilməsi barədə göstəriş verib.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ordu quruculuğu sahəsində aparılan islahatlar haqqında danışan general-polkovnik K.Vəliyev postmüharibə dövründə görülən tədbirlər nəticəsində Azərbaycan Ordusunun əməliyyat və döyüş imkanlarının xeyli artdığını bildirib.

Müdafiə nazirinin göstərişlərini şəxsi heyətə çatdıran Baş Qərargah rəisi onların icrası ilə bağlı aidiyyəti vəzifəli şəxslər qarşısında tapşırıqlar qoyub.