Vasif Talıbovu Naxçıvana buraxmırlar?
Yaxın günlərdə Naxçıvanda həbslərin növbəti dalğası başlayacaq.
Demedia.az xəbər verir ki, belə bir iddia ilə Yenisabah.az saytı çıxış edib.
Saytın mənbəsi deyib ki, hüquq-mühafizə orqanlarının peşəkar əməkdaşlarından təşkil olunmuş və bir müddət əvvəl Naxçıvana ezam edilmiş xüsusi qrup növbəti həbslər üçün zəmin hazırlayıb. Onların qısa müddət ərzində kifayət qədər sanballı dəlillər topladığı bildirilir.
Məlumatlı şəxsin sözlərinə görə, Vasif Talıbovun Naxçıvana qayıtmaması bu prosesi bir qədər də sürətləndirib:
"Müsahibimiz Ali Məclis sədrinin Naxçıvana buraxılmadığını deyib. Onun fikrincə, bunda əsas məqsəd hüquq-mühafizə orqanlarının əməkdaşlarının muxtar respublikada daha sərbəst fəaliyyət göstərməsini təmin etməkdir. Vasif Talıbovun “kölgə”sini üzərlərində hiss etməyən sıravi naxçıvanlıların muxtar respublikada baş verən qanunsuzluqları daha tez dilə gətirdiyi, hüquq-mühafizə orqanlarını yeni sübutlarla təmin etdikləri bildirilir".
Qeyd edək ki, bu yaxınlarda Naxçıvan Dövlət Sosial Müdafiə Fondunun bir qrup keçmiş və hazırkı əməkdaşı bu qurumda baş verənlərlə bağlı ictimaiyyətə və DTX-yə müraciət edib. Şikayətçilər hazırda Naxçıvanda yoxlama aparan DTX əməkdaşlarından bu qurumun fəaliyyətini də araşdırmağı xahiş ediblər.
Hadisələrin inkişafı Naxçıvanda həbs dalğasının genişlənəcəyinə, bu prosesin digər yüksək rütbəli məmurları da əhatə edəcəyinə şübhə yeri qoymur.