DYP yol hərəkəti iştirakçılarına müraciət etdi

 11:19 22.12.2022     341

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) bayram ərəfəsində yol hərəkəti iştirakçılarına müraciət edib.

İdarədən Demedia.az-a bildirilib ki, qarşıdan gələn bayram günləri ilə əlaqədar artıq yerli və respublika əhəmiyyətli avtomobil yollarında yük və sənişin daşıma fəaliyyətindəki artımla bağlı nəzərəçarpacaq intensivlik müşahidə olunmaqdadır.

Qeyd edilib ki, bu hal təbii olsa da, təəssüf ki dəfələrlə edilən çağırışlara baxmayaraq, hələ də sürücülər arasında yorğun, yuxusuz, hətta səhhətində ciddi problemlər olduğunu bildiyi halda sükan arxasına əyləşən sürücülərə rast gəlinir:

"Əsasən, yük və sərnişin daşıma fəaliyyəti ilə məşğul olan bəzi sürücülərin daha çox qazanc əldə etmək məqsədilə uzaq məsafəli yolu gün ərzində istirahət etmədən, yorğun, yuxusuz halda bir neçə dəfə qət etməsi isə son nəticədə ağır yol qəzalarının baş verməsinə real zəmin yaradır. Bununla yanaşı, istehsal ili köhnə olan nəqliyyat vasitələrinin yük və sənişin daşımalarında istifadə olunması, habelə daşımalar zamanı normativ tələblərin kobud şəkildə pozulması qəza ehtimalını dəfələrlə artırmaqla yanaşı, həm də belə nəqliyyat vasitələrinin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin ağırlıq dərəcəsinə də birbaşa təsir göstərir".

BDYPİ bir daha sürücülərə, xüsusilə yük və sənişin daşıma fəaliyyəti ilə məşğul olan şəxslərə müraciət edərək onlara səfərə çıxmazdan əvvəl nəqliyyat vasitələrinin texniki sazlığına xüsusi diqqət yetirməyi, hərəkət zamanı özü ilə yanaşı sərnişinlərinin də təhlükəsizlik kəmərini bağlamasını təmin etməyi, sürət rejimini yol və hava şəraitinə uyğun seçməyi, yorğun, yuxusuz halda avtomobil idarə etməkdən çəkinməyi xahiş edib.