Naxçıvan Ali Məclisi sədrinin bir neçə səlahiyyəti ləğv edildi



 16:36 22.12.2022     330

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin bir neçə səlahiyyəti ləğv edilib.

Demedia.az-ın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Belə ki, sənədin 3.1.2-ci yarımbəndindən“, Naxçıvan Muxtar Respublikasında isə həm də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin tapşırıqlarını” sözləri çıxarılıb.

Əsasnamənin əvvəlki variantında qeyd olunmuşdu ki, yerli icra hakimiyyətinin başçısı ona həvalə olunmuş vəzifələrin yerinə yetirilməsinə görə Azərbaycan Respublikasının Prezidenti qarşısında şəxsən məsuliyyət daşıyır. Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarını, Naxçıvan Muxtar Respublikasında isə həm də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin tapşırıqlarını yerinə yetirir.

Dəyişiklikdən sonra isə yerli icra hakimiyyətinin başçısı ona həvalə olunmuş vəzifələrin yerinə yetirilməsinə görə Azərbaycan Respublikasının Prezidenti qarşısında şəxsən məsuliyyət daşıyır. Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarını tapşırıqlarını yerinə yetirəcək.

Digər dəyişikliklə sənədin 3.1.22-ci yarımbəndinin ikinci cümləsi çıxarılıb. Fərmanın müvafiq bəndinin ikinci cümləsi isə belə idi: "Naxçıvan Muxtar Respublikasında isə yerli icra hakimiyyətlərinin başçıları öz fəaliyyətləri haqqında ildə bir dəfədən az olmayaraq Azərbaycan Respublikasının Prezidentinə və Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müəyyən etdiyi müddətlərdə ona hesabat verirlər".

Əsasnamədə aşağıdakı dəyişikliklər də edilib:

Belə ki, 3.2.2-ci yarımbənddən “, Naxçıvan Muxtar Respublikasında həm də Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsinə” sözləri çıxarılıb. Bununla da regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqram və konsepsiyalarının, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Naxçıvan Muxtar Respublikasında həm də Naxçıvan Muxtar Respublikasının iqtisadi və sosial proqramlarının hazırlanmasına dair təkliflər verir, müvafiq ərazidə onların həyata keçirilməsini təmin edir, icrası barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verəcək və illik hesabatlar təqdim edəcək.

4.1.3-cü yarımbənddən də “, Naxçıvan Muxtar Respublikasında isə həm də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə” sözləri çıxarılıb. Dəyişikliklə yerli icra hakimiyyəti başçısı Naxçıvan Muxtar Respublikasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə təkliflər verə bilməyəcək.