Sülhməramlılar aksiya keçirilən ərazidə quraşdırdıqları çadırları sökdülər



 13:59 24.12.2022     491

Şuşadan Laçın-Xankəndi yolunun Xankəndiyə aid hissəsində Rusiya sülhməramlıları qurduqları çadırları söküblər.

Əraziyə yük maşınları da gətirilib. Sökülən çadırlar avtomobillərə yığılıb. 

Eyni zamanda həmin ərazidə quraşdırılmış konteynerlərdən biri də kran vasitəsilə yük maşınlarına yığılıb, digər əraziyə - Laçın istiqamətinə aparılır.

Həmin 3 avtomobilinin aksiya keçirilən ərazidən hərəkət etməsinə şərait yaradılıb.

Ərazidə Rusiya sülhməramlılarının cəmi bir ədəd konteyneri qalıb.

***

Şuşadan Laçın-Xankəndi yolunun Xankəndiyə aid hissəsində Rusiya sülhməramlılarının postunda hərəkətlilik var.

Rusiya sülhməramlıları sözügedən ərazidə qurduqları çadırları sökürlər.

Hazırda əraziyə yük maşınları da gətirilib. Sökülən çadırlar avtomobillərə yığılır.

Ərazidə quraşdırılmış konteynerlərin də başqa yerə daşınacağı gözlənilir.

Onu da qeyd edək ki, Rusiya sülhməramlıları həmin çadırları azərbaycanlı aktivistlərin aksiya keçirdiyi müddətdə qurmuşdu.

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 13 gündür davam edir.

Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.//Report