Şura sədri: “Vətəndaşlarımız Azərbaycan televiziyalarına türk kanallarından daha çox baxır”

 12:54 26.12.2022     218

“Vətəndaşlarımız Azərbaycan televiziyalarına türk kanallarından daha çox baxır”.

Demedia.az xəbər verir ki, bunu Audiovizual Şuranın sədri İsmət Səttarov ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

Şura sədri bildirib ki, bu ildən fəaliyyətə başlayan yeni reytinq ölçülməsi sistemi işini davam etdirir: "Bu işə özəl investorlar da cəlb olunub. Hazırda kanallardan məlumatlar gəlir. Çünki hər zaman Azərbaycan televiziyalarına baxılır ya yox sualı ortaya çıxırdı. Sosial medialarda bəzən tənqidi yazılar dərc olunurdu. Ən çox reklam da məhz televiziyalara gedirdi. Artıq ilkin rəqəmlər var. Hər kəs hansı televiziyaya nə qədər insanın baxması barədə məlumat əldə edə bilər. Keçən həftənin nəticəsinə görə Azərbaycan televiziyasına 5 milyon 251 min adam baxıb. Ortalama 4 saat ərzində baxılıb".

İ.Səttarov söyləyib ki, statistikaya görə, 3 milyon 500 min insan isə türk kanallarına baxıb: “Bu da o deməkdir ki, əhalimiz Azərbaycan kanallarına türk kanallarından çox baxır. Rusiya kanalları isə üçüncü sırada gəlir”.

Onun sözlərinə görə, reklam bazarı xeyli şəffaflaşsa da, müəyyən çatışmazlıqlar hələ də qalır: “Şəffaflaşma işində aidiyyəti dövlət qurumları ilə birgə addımlar atılacaq”.