Qarabağa qanunsuz keçənlər saxlanıldı
İşğaldan azad edilmiş ərazilərə qanunsuz keçmək istəyən 5 nəfər həbs olunub.
Bu barədə Demedia.az-a DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon sakinləri Xəyal Hüseynov, Elvin Hüseynov, Nicat Fədati, Coşqun Məmmədov və Şəmistan Hüseynov idarələrində olan avtomobillə rayonun işğaldan azad edilmiş ərazisinə daxil olmaq istəyərkən saxlanılıblar.
Yoxlamalar zamanı onların müvafiq icazələrinin olmadığı müəyyən edilib.
Onların barəsində İnzibati Xətalar Məcəlləsinə əsasən protokollar tərtib edilərək rayon məhkəməsinə göndərilib. Qərara əsasən Xəyal və Elvin Hüseynov qardaşlarının analoji əməllərə yol verdiyinə görə 25, digər şəxslər isə 15 gün müddətinə inzibati qaydada həbs ediliblər.