FHN əhaliyə xəbərdarlıq etdi
Fövqəladə Hallar Nazirliyi (FHN) bayram günləri ilə əlaqədar vətəndaşlara xəbərdarlıq edib.
FHN-in Mətbuat Xidmətindən Demedia.az-a daxil olan xəbərdarlıqda deyilir:
"Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin edilməsi istiqamətində fəaliyyətini davam etdirir.
Belə ki, Agentlik Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar qarşıdan gələn istirahət günlərində insanların kütləvi şəkildə istifadə edəcəyi respublikanın şəhər və rayonlarındakı müxtəlif məkanlarda yerləşən attraksionların təhlükəsiz istismarının təmin olunması məqsədilə texniki təhlükəsizlik tələbləri ilə bağlı nəzarət və təbliğat xarakterli tədbirlər həyata keçirib.
Tədbirlərdə Agentliyin əməkdaşları tərəfindən vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə attraksionlarda qanunvericiliyin tələblərinə əməl olunmasının vəziyyəti araşdırılıb və müəyyən edilən nöqsanların aradan qaldırılması üçün attraksionların məsul şəxslərinə zəruri göstəriş, habelə tövsiyələr verilib. Bildirilib ki, attraksionlar təhlükə potensiallı qurğular olduğu üçün onların istismarına cavabdeh şəxslər təyin olunmalı, operatorlar attraksionların təhlükəsiz istismar qaydaları üzrə müvafiq biliklərə malik olmalı, attraksionlarda qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə sınaq işləri aparılmalı və gündəlik baxış keçirilməlidir.
İnsanların həyat və sağlamlığı hər şeydən vacib olduğu üçün attarksionların istismarı zamanı təhlükəsizlik qaydalarına daha ciddi yanaşılması və nəzarətin gücləndirilməsi attraksionlara cavabdeh olan fiziki və hüquqi şəxslərdən tələb olunub.
Həmçinin, həyata keçirilən tədbirlər zamanı attraksionların təhlükəsiz istismar olunmasında üzərlərinə düşən vəzifələr, o cümlədən baş verə biləcək arzuolunmaz hadisələr zamanı həyata keçirilməli olan operativ tədbirlər barədə attraksion işçilərinə ətraflı məlumat verilib".