Xalq yazıçısının 85 illiyi qeyd edildi



 17:52 01.05.2023     401

Kürdəmirdə AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyinin Xaqani Şirvani adına Aran Reginal filialının təşkilatçılığı ilə Azərbaycan Yazıçılar Birliyinin sədri xalq yazıçısı Anarın 85 illik yubileyi münasibətilə tədbir keçirilib.

Demedia.az EL TV-yə istinadən xəbər verir ki, yazıçının həyatının bəzi anlarını əks etdirən foto-slaydla başlayan tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibəyli, Azərbaycan Mətbuat Şurasının sədri “525-ci” qəzetin baş redaktoru Rəşad Məcid, AMEA-nın Məhəmməd Füzuli adına əlyazmalar institutunun direktoru akademik Teymur Kərimli, xalq artisti Fəxrəddin Manafov, fəlsəfə doktoru Yaqut Bahadurqızı və digər şəxslər iştirak ediblər. Xalq yazıçısının həyat və yaradıcılığından danışılıb. Onun əsərləri əsasında çəkilən “Evləri Köndələn yar” tamaşasından, “Təhminə və Zaur”, “Dədə Qorqud”, “Üzeyir ömrü” filimlərindən qısa epizodların nümayiş etdirildiyi tədbirdə yazıçının həyatı, əsərlərinin sujet xətti, filmləri haqqında məlumat verilib.

Xalq yazıçısı Anar ona verilən dəyərə görə minnətdarlığını bildirib. Yazıçıya yubileyi münasibətilə gül dəstələri təqdim edilib. Onunla xatirə şəkilləri çəkdirilib.