Anar Kərimov Britaniya Parlamentinin üzvləri ilə görüşdü



 22:43 19.04.2022     220

Mədəniyyət naziri Anar Kərimov Britaniya Parlamenti Lordlar Palatasının üzvləri ilə görüşüb.

Demedia.az Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, Anar Kərimov 19 aprel 2022-ci il tarixində ölkəmizdə səfərdə olan Britaniya Parlamenti Lordlar Palatasının üzvü Lord Malkolm Bryus, Lord Donald Henkey və Oksford Universitetinin müəllimi Doktor Culian Fautless ilə görüşüb.

Görüş zamanı ölkəmizlə Britaniya hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq, bu əlaqələrin perspektivliyi, həyata keçirilən beynəlxalq layihələr və Qarabağda bərpa işləri, Azərbaycanın dağıdılmış memarlıq abidələri və müsəlman ziyarətgahlarının bərpası istiqamətində genişmiqyaslı quruculuq işləri barədə söhbət aparılıb.

UNESCO-nun Dünya İrs Mərkəzinin məşvərətçi orqanı olan, 100-dən çox milli komitəni, 30-dək beynəlxalq elmi komitəni və 12 minə yaxın fərdi üzvü özündə birləşdirən, memarlıq və arxeoloji abidələrin mühafizəsi sahəsində elmi-metodoloji yanaşmanın tətbiqi üzrə ixtisaslaşmış yeganə dünya miqyaslı qeyri-hökumət təşkilatı İCOMOS-un (İCOMOS -İnternational Council on Monuments and Sites) rolu həmçinin abidələrin qorunması və bərpası sahəsində beynəlxalq əməkdaşlıq istiqamətində mühüm addımların atıldığı vurğulanıb.

Nazir Anar Kərimov Britaniya hökuməti ilə Mədəniyyət Nazirliyi arasında bir çox sahələrdə, xüsusilə də humanitar və mədəniyyət sahəsində birgə əməkdaşlığın hər zaman yüksək səviyyədə inkişaf etdiyini vurğulayıb.

Britaniya parlamenti Lordlar Palatasının üzvləri ölkəmizə səfərindən şad olduqlarını və Böyük Britaniya-Azərbaycan əlaqələrinin bundan sonra da inkişaf edəcəyinə əminliklərini bildirdilər.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.