Dünya şöhrətli musiqi qrupu Şuşada konsert verəcək - FOTO



 11:19 12.02.2021     241

Özbəkistanın dünyada tanınmış məşhur "Özbegim Yoshları" musiqi qrupu Azərbaycan Mədəniyyətinin paytaxtı tarixi Şuşa şəhərində bu il konsert proqramı ilə çıxış edəcəkdir.

Nexeber.az modern.az-a istinadən bildirir ki, bu barədə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən görüşdə razılıq əldə olunub.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov "Özbegim Yoshları" musiqi qrupunun bədii rəhbəri, Özbəkistan Respublikasının Əməkdar Mədəniyyət işçisi Lütviyyə Ruzibayeva ilə görüş keçirib.

Görüşdə Özbəkistanda gənclər hərəkatının əsas qüvvəsi olan "Barkamol Ovlad" təşkilatı ilə əməkdaşlıq, Özbək mədəniyyətini dünyada tanıdan "Özbegim Yoshları" musiqi qrupunun Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə layihələri qeyd olunmuş və bu əməkdaşlığın uğurla davam etməsindən məmnunluğunu ifadə edib.

Əməkdar Mədəniyyət işçisi, qrupun bədii rəhbəri Lütviyyə Ruzibayeva "Özbegim Yoshları" musiqi qrupunu dünyanın 30-dən çox ölkəsində - Fransa, Amerika, Almaniya, Belçika, Çin, Malayziya, Nikaraqua, İtaliya, Yaponiya, Meksika, Rusiya və s. ölkələrdə keçirilən beynəlxalq festivallarda iştirak etmiş və çoxsaylı mükafatlara layiq görüldüyünü söyləmişdir. Musiqi qrupunun Özbək mədəniyyəti, musiqisinə dair möhtəşəm təqdimatlar keçirdiyini və qrupda özbək musiqisinin bütün sahələrinin vokal, estrada, makom, şərq rəqslərinin əhatə olunduğunu qeyd edib. O, 80-dən çox professional musiqiçini özündə birləşdirən musiqi qrupunun çıxışlarının bütün dünyada maraqla qarşılandığını vurğulayıb. Musiqi qrupunda müasir estrada ulduzları təmsil olunmaqla yanaşı həmdə Özbəkistanın regionlarının təmsil olunduğu folklor ansambl funksiyasını da həyata keçirir. L. Ruzibayeva Azərbaycanda da konsert proqramı ilə çıxış etmək niyyətini qeyd edib və Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyini xahiş edib.

Qeyd edək ki, "Özbegim Yoshları" musiqi qrupu hər il ənənəvi olaraq Özbəkistan Respublikasının ali səhnəsi olan Türkistanda konsert proqramı ilə çıxış edir və konsert proqramının əsas təşkilatçısı qismində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi təmsil olunur.

Samir Abbasov Azərbaycan torpaqlarının 30-ilə yaxındır ki, qonşu Ermənistan dövləti tərəfindən işğal edildiyinin və bu işğal nəticəsində bütün sahələrdə olduğu kimi mədəniyyət sahəsinə də böyük ziyan dəydiyini söyləmiş, yüzlərlə mədəniyyət müəssilərinin, tarixi abidələrin işğalçı Ermənistan ordusu tərəfindən dağıdıldığını və məhv edildiyini söyləmişdir. Azərbaycanın bir sıra şəhərlərinin talan edilərək bütün infrastrukturun məhv edildiyini qeyd etmişdir. O, Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun apardığı 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın işğalçılardan azad edildiyini vurğulayıb.  

Görüşdə Samir Abbasov "Özbegim Yoshları" musiqi qrupunun Azərbaycanda konsert proqramı ilə çıxış etməsini dəstəkləməyə hazır olduğunu qeyd edib. O, Azərbaycan mədəniyyətinin paytaxtı, qədim və tarixi şəhər olan Şuşada bu konsert proqramının təşkil edilməsini, habelə bu il ərzində Şuşada keçiriləcək "Xarı bülbül" Beynəlxalq Musiqi Festivalında "Özbegim Yoshları" musiqi qrupunun iştirak və çıxış etməsini təklif edib.

Bundan başqa, Azərbaycan Respublikasının musiqi və folklor qrupları ilə əməkdaşlıq əlaqələrinin yaradılması, gələcəkdə birgə layihələrin icrası məsələləri də müzakirə olunub.

S.Abbasov qeyd olunan təkliflərlə bağlı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə müraciət ediləcəyini və təşkilatı işlərinin həyata keçirilməsini Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin öz üzərinə götürdüyünü qeyd edib. Təklif qarşı tərəfdən yüksək qiymətləndirilib və qəbul edilib.