FED və "OPEC+" iclasları öncəsi neft cüzi bahalaşdı
ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) uçot dərəcəsini artıracağı ilə bağlı gözləntilər fonunda dünya bazarında neft qiymətləri cüzi artıb.
Demedia.az birjalara istinadən xəbər verir ki, “Brent” markalı neftin aprel fyuçersləri 0,27 % bahalaşaraq 85,69 ABŞ dollarına satılıb. "WTI" markalı neftin mart fyuçerslərinin qiyməti isə 0,41 % artaraq 1 bareli 79,19 ABŞ dolları təşkil edib.
Ekspertlərin əksəriyyəti ABŞ-da maliyyələşdirmə dərəcəsinin yenidən 0,25 faiz bəndi artarılaraq illik 4,5-4,75 %-ə çatacağını gözləyir.
Digər tərəfdən treyderlər "OPEC+" Nazirlərinin Birgə Monitorinq Komitəsində hansı qərarların qəbul ediləcəyini gözləyirlər. Hazırda "OPEC+" Nazirlərinin Birgə Monitorinq Komitəsinin iclasları iki aydan bir, bütün "OPEC+" üzvlərinin iclası isə altı aydan bir keçirilir. Növbəti iclasların müvafiq olaraq fevralın 1-i və iyunun 4-də keçirilməsi nəzərdə tutulub.