Rusiyalı mütəxəssis: “Hazırkı məqamda OPEK+ Azərbaycan üçün faydalıdır”



 19:10 08.03.2021     564

Martın 5-də OPEC+ növbəti iclasından bir gün sonra təşkilatın aprel ayında hasilatı artırmayacağı məlum oldu və nəticədə “Brent” markalı neftin fyuçersinin qiyməti bir barel üçün 69 dollara çatdı.

Son dəfə belə qiymət 2020-ci ilin yanvarında qeydə alınmışdı.

Azərbaycan bildiyimiz kimi OPEC+ qərarını dəstəklədi.

Rusiya Federasiyası Hökuməti yanında Milli Enerji Təhlükəsizliyi Fondunun və Maliyyə Universitetinin aparıcı mütəxəssisi Stanislav Mitraxoviç Media.Az-a müsahibəsində bildirib ki, bu düzgün qərar idi.

“Hazırda OPEC + Azərbaycan üçün faydalıdır, əks halda ölkəniz bu razılaşmada iştirak etməzdi. Bəs altı ay sonra müqavilənin formatlarının yenidən təyin edilməsi və ya razılıqların ləğv olunacağı təqdirdə nə baş verəcək?

Biz bunu hələ bilmirik. Ancaq düşünürəm ki, OPEC+ qalacaq, sadəcə şərtlərə yenidən baxılacaq”.

Stanislav Mitraxoviç qeyd edib ki, Azərbaycan Qazaxıstan, Rusiya, Meksika və digər ölkələr kimi koronavirus pandemiyası dövrünün nisbətən münasib neft qiymətləri şəraitində keçməsində maraqlıdır.

“Məhz bu səbəbdən biz OPEC+ də iştirak edirik. Ancaq yaxın aylarda neft hasilatı kvotalarının artması ilə bağlı mübahisəli məsələlərə rast gələcəyik. OPEC+ çərçivəsində istehsal məhdudiyyətlərinə məruz qalmayan “Biletsiz sərnişinlər” amilini gözardı etmək olmaz”, - deyə S. Mitraxoviç bildirib.