Hadrut və Tuğda fərdi evlər tikiləcək - VİDEO
İşğaldan azad olunan digər ərazilərdə olduğu kimi Qarabağın dilbər güşələrindən olan Xocavənd rayonunun Hadrut qəsəbəsində də tikinti-quruculuq işləri vüsət alıb.
Demedia.az EL TV-yə istinadən xəbər verir ki, bunun bariz nümunəsi olaraq Hadrut qəsəbəsində Prezident İlham Əliyevin əsasını qoyduğu inzibati zona və yaşayış məhəlləsi də yer alır.
Dövlət başçısı Xocavəndə səfəri zamanı Tuğ kəndində inzibati zona və yaşayış məhəlləsinin də təməlini qoydu. Hadrut və Tuğda 391 fərdi ev tikiləcək və bərpa olunacaq. Xocavənd rayonunun Hadrut qəsəbəsində təməli qoyulan ilk yaşayış məhəlləsində birinci mərhələdə 28 ev inşa olunacaq. Sahəsi 70-120 kvadratmetrdən ibarət evlər 1, 2, 3, 4 və 5 otaqlı olacaq. Hadrutdakı 360 şagird yerlik tam orta məktəbin də 2025-ci ilə qədər bərpa olunaraq istifadəyə verilməsi nəzərdə tutulub. Ümumilikdə, qəsəbədə tikiləcək və bərpa olunacaq obyektlər, eyni zamanda ətraf ərazilərin abadlaşdırılması işlərinin də 2025-ci ildə başa çatdırılması planlaşdırılır. Tuğ kəndində isə inzibati zona və yaşayış məhəlləsi inşa olunacaq. İnzibati zonada bir sıra obyektlər yer alacaq. Tuğdakı ilk yaşayış məhəlləsində ilkin mərhələdə 24 fərdi ev bərpa ediləcək, 95 yeni fərdi yaşayış evi tikiləcək. Növbəti mərhələdə isə 244 ədəd fərdi yaşayış evi inşa olunacaq. Ərazidə işlərin 2025-ci ilə qədər yerinə yetirilməsi nəzərdə tutulub. Təmir-bərpa prosesinin baş plana və memarlıq üslubuna uyğun aparılması planlaşdırılıb.