Azərbaycandan Rusiyaya pomidor ixrac edə biləcək müəssisələrin sayı artdı
Rusiyanın Baytar və Fitosanitar Nəzarət üzrə Federal Agentliyi (Rosselxoznadzor) 25 may 2021-ci tarixindən etibarən Azərbaycanın daha beş müəssisəsinin ölkəyə pomidor ixrac etməsinə icazə verib.
Nexeber.az-ın məlumatına görə, bu barədə “Rosselxoznadzor” tərəfindən rəsmi açıqlama verilib.
Bildirilib ki, bu qərar Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti, həmçinin birgə videogörüşlər zamanı müzakirə edilən nümunələrin fitosanitar ekspertizasının nəticələrindən sonra verilib.
Beləliklə, hazırda Azərbaycandan Rusiyaya 131 müəssisəsi pomidor ixrac edə bilər.
Xatırladaq ki, “Rosselxoznadzor” məhsulların tərkibində zərərvericilərin aşkarlanması səbəbilə dekabrın 10-dan etibarən Azərbaycandan pomidor və alma idxalını qadağan edib. Daha sonra müvafiq qurumların ikitərəfli danışıqlarının nəticəsi olaraq mərhələli şəkildə sahibkarlıq subyektlərinin Rusiyaya pomidor ixracına icazə verilib.