“SOCAR Aviation” Türkiyədə daha bir uğura imza atdı
“SOCAR Aviation” “Adnan Menderes” hava limanında yanacağı öz məntəqəsindən təmin etməyə başlayıb. Burada il ərzində 9 000 təyyarənin yanacaq təchizatı planlaşdırılır.
Nexeber.az xəbər verir ki, bu barədə Oxu.Az-a qurumdan məlumat verilib.
Məlumatda bildirilir ki, Türkiyənin ən böyük birbaşa xarici investoru “SOCAR Türkiyə”nin Türk hava nəqliyyatı sektoru ilə birlikdə böyüyən markası “SOCAR Aviation”, İzmirin “Adnan Menderes” hava limanında yanacaq təchizatını artıq öz yanacaqdoldurma məntəqəsindən həyata keçirəcək.
“SOCAR Türkiyə” Dövlət Hava Meydanları İşlətməsi (DHMİ) tərəfindən elan edilən tenderi “SOCAR Aviation” markası ilə qazandıqdan sonra istismara verilən “Adnan Menderes” yanacaqdoldurma məntəqəsi, ilk yanacaq tədarükünü 2020-ci il dekabrın 5-də Türk Hava Yolları (THY) üçün həyata keçirdi.
“Adnan Menderes” hava limanındakı məntəqəsi ilə birlikdə “SOCAR Türkiyə” ikinci hava nəqliyyatı yanacaqdoldurma məntəqəsini istismara verib. “SOCAR Aviation”ın təmir və lisenziya proseslərinin ardınca Enerji Bazarı Tənzimləmə Təşkilatının (EPDK) lisenziyasını alan “Adnan Menderes” yanacaqdoldurma məntəqəsində 2 ədəd 750 kubmetrlik təyyarə yanacağı çəni yerləşir.
Ümumilikdə 2 min 500 kvadrat metr sahədə qurulmuş məntəqə mövcud infrastrukturu ilə illik 182 min kubmetrlik yanacaqdoldurma potensialına malikdir. Bu potensial hava limanının ümumi tələbatının 60 faizini qarşılayır. Bu çərçivədə ildə doqquz min təyyarənin yanacaq təchizatı nəzərdə tutulur.
“SOCAR Aviation” 2013-cü ildə hava nəqliyyatı sektorunda fəaliyyətə başladıqdan sonra bir sıra hava limanının təyyarə yanacağı tədarükçüsünə çevrilib. Muğla-Milas-Bodrum ve İzmir “Adnan Menderes” hava limanları ilə yanaşı İstanbul Sabiha Gökçen, Antalya, Muğla Dalaman, Ankara Esenboğa, Trabzon, Samsun Çarşamba, Adana, İstanbul İGA hava limanlarının da yanacaq ehtiyacını qarşılayır. Yanacaqdoldurma sahəsində investisiyalarını davam etdirən “SOCAR Aviation” gələcəkdə yeni yanacaqdoldurma komplekslərini də istismara verməyi planlaşdırır.
Qeyd edilib ki, “SOCAR Türkiyə”nin enerji zəncirinin bütün həlqələrini ehtiva edən inteqrasiyalı strukturu sayəsində STAR NEZ-in təyyarə yanacağı istehsal gücünün üstünlüyünə də sahib olan “SOCAR Aviation”, Türk hava nəqliyyatı sektoruna ən yaxşı şəkildə xidmət vermək üçün işlərini davam etdirir.